
Deputat şəhid ailələrini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, deputat Qənirə Paşayeva və “Aprel 2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təsisçiləri Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Birliyin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Qobustan və Şamaxıda Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Şamaxıda qəhrəman şəhidlərimiz Samir Kaçayev, Nazim Zəkarayev və Elşən Səmədovun ailələrini, Qobustanın Bədəlli kəndində qəhrəman şəhidimiz Orxan Müstəcəbovun ailəsini və şəhid atası Qobustan Əzizxanlını ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir. Millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əydiyini bildirib.
Ali Baş Komandanın Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını bildirib. Bu istiqamətdə fəal işlər görmək üçün yeni yaradılan “Aprel 2016” Şəhid Ailələrinə Dəstək İB-nin də şəhid ailələri ilə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını bildirib.
Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, hər kəs, o cümlədən şəhid ailələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindir.
Q.Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”,- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
“Aprel 2016” Şəhid Ailələrinə Dəstək İB-nin həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın da qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəyini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər.

Gununsesi.info











