
Lənkəran Dövlət Universitetində “Gənc nəslin sağlamlığında polisin rolu” mövzusunda tədbir keçirilib.
Gununsesi.info Lənkəran ŞRPŞ-nin, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarının, Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə məlumat verilib ki, daxili işlər orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Gənc nəslin sağlamlığında polisin rolu” layihəsinin məqsədi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında gənc nəslin fəallığının artırılması, eyni zamanda cəmiyyətdə polisə qarşı etimad və rəğbət hissinin gücləndirilməsindən ibarətdir. Həmçinin, layihə çərçivəsində sağlam gələcəyin qurucuları olan yeniyetmə və gənclərin idmana olan marağının daha da artırılması nəzərdə tutulub. Tədbirdə narkomaniya bəlası və onun cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrin insan orqanizminə dağıdıcı təsirləri barədə tələblərə geniş məlumat verilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir. Bununla yanaşı yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər də onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, yetişməkdə olan gəncliyin elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
Tədbir iştirakçılarına gəncləri narkomaniya bəlasından, zərərli vərdişlərdən qorumaq məqsədilə hazırlanan qısa film və idmanın təbliğini əks etdirən videoçarx nümayiş etdirilib, narkotik vasitələrin zərərli təsirlərini və səbəb olduğu sağalmaz xəstəlikləri özündə əks etdirən bukletlər paylanılıb.

Gununsesi.info












