Kərə yağının bahalaşması monopoliya ilə bağlıdır - QUBAD İBADOĞLU QİYMƏT ARTIMINI ŞƏRH EDİR

  • Müəllif: admin
  • 15 İyun 2018 11:00

Azərbaycanda ötən ilin ortalarından etibarən manatın dollara nəzərən dəyərsizləşməsi prosesi dayanıb. Buna rəğmən ölkənin ərzaq bazarında bahalaşma davam edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

Ərzaq məhsulları arasında yağların qiyməti xüsusilə daha çox bahalaşmaya məruz qalıb. Komitənin məlumatından aydın olur ki, may ayı ərzində zeytun və kərə yağlarının qiymətində artım qeydə alınıb.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur: “Halbuki ötən il dekabrın 7-dən Nazirlər Kabineti tərəfindən ”Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə, bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır”.

İqtisadçı-alimin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlardan 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub: “Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopoliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə, bahalaşdırırlar. Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram”.

Gununsesi.info