“Son hadisələr göstərir ki, hələ də düzgün nəticə çıxarılmayıb”

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib.

AzTV-nin “İrana düşmən media qurumu” kimi təqdim olunması Azərbaycanda geniş müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, məsələyə münasibət bildirən sabiq deputat Elnur Allahverdiyev qeyd edib ki, baş verənlər Azərbaycanın dövlət mövqeyinin hər zaman prinsipial və ardıcıl olduğunu bir daha təsdiqləyir:

“Bu mövqeyi mən də 2020-ci ildə, 44 günlük Vətən müharibəsi zamanı Milli Məclisin tribunasından açıq şəkildə ifadə etmişdim. Təəssüf ki, son hadisələr, o cümlədən Azərbaycanın rəsmi mövqeyinə qarşı atılan addımlar və media sahəsində qəbul edilən qərarlar göstərir ki, hələ də bundan düzgün nəticə çıxarılmayıb.

Bununla belə, İran bizim qonşumuzdur. İran xalqı ilə bizi tarix, din, mədəniyyət və qohumluq bağları birləşdirir. İnanıram ki, dövlətlər arasında münasibətlər qarşıdurma üzərində deyil, qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq prinsipləri əsasında qurulmalı və inkişaf etməlidir.”

 

 

Şəbnəm

Gununsesi.info