
Xəbər verildiyi kimi “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, “Milli Məclis deputatının statusu haqqında” qanunların müzakirəsi gərgin keçib.
İlk dəfə olaraq bəzi deputatlar müstəqillik nümayiş etdirərək qanunun əleyhinə çıxıb.
YAP-çı deputat Musa Quliyev bildirib ki, bu dəyişikliklər millət vəkillərinə qarşıdır: “Mən elə bilirəm ki, bu dəyişiklikləri deputatlar yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər deputatlara hörmət edilmir. Elə hörmət edilməməsi buradan görünür. İntizam komitəsinin rəyi ilə 40 min seçicinin rəyi nəzərə alınmır. Belə çıxır ki, 9 nəfərə tapşırıq vermək daha asandır, nəinki 125 nəfərə. Yaxşı olar ki, bu layihə beynəlxalq ekspertizaya verilsin”.
YAP-çı deputat daha sonra bunları söylədi: “Layihədə yazılıb ki, deputat öz mandatından imtina edirsə və bu, stenoqrama düşübsə, onun sonradan mandatını geri qaytarması mümkün deyil. Adamdır, bəlkə əsəbiləşib, imtina edib. Dünyamı dağılır, olmazmı ona iki gün düşünmək üçün vaxt verək? Deputatlar var aylarla, illərlə Milli Məclisdə çıxış etmirlər, seçicini təmsil etmirlər. Ancaq biz ona heç nə demirik. Deputatın aylarla çıxış etməməsi, seçicini təmsil etməməsi pisdir, yoxsa bir ayda iki dəfə iclasda iştirak etməməsi? Biz deputatların statusunu artırmaq barədə düşünməliyik, nəinki onların fəaliyyətini məhdudlaşdırmaq barədə. Deputatı iki iclasa gəlmədiyinə görə mandatdan məhrum etmək doğru deyil”.
Elmar
Gununsesi.az












