
Milli Məclisin bu gün keçirilən iclası olduqca maraqlı çıxışlarla yadda qalıb.
Gununsesi.org-un parlamentdən verdiyi xəbərə görə, millət vəkili Fəzail Ağamalı sabiq məmurlarla bağlı ilginc təklif səsləndirib. O, bildirib ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının və sabiq vergilər naziri Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın: “Həmin pullar dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin. Qarabağ uğrunda müharibədə 24000 vətən övladı şəhid olub. Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim. Cahangir Hacıyevin Londondakı malikənələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin. Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını satıb, gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır”.
Gununsesi.org












