“Laçın Azərbaycanın Zəfərini və Böyük Qayıdışını simvolizə edir”

“Laçın Azərbaycanın təbiəti, tarixi, zəngin mədəniyyəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Uzun illər işğal altında qalan Laçın 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra öz azadlığına qovuşdu. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı”.

Bu fikirləri Gununsesi.info -ya deputat Tural Gəncəliyev deyib:

“Bu gün 26 avqust Laçın şəhərinin azadlığı və doğma sakinlərin öz yurdlarına dönüşü ilə bağlı xüsusi məna daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu tarix Laçın şəhəri günü kimi təsis edilib.

Azadlıqdan sonra Laçında yeni inkişaf mərhələsi başlayıb. Şəhər və kəndlər yenidən qurulur, sakinlərin doğma torpaqlarına qayıdışı təmin edilir, müasir yaşayış məhəllələri, məktəblər, sənaye müəssisələri və sosial infrastruktur yaradılır. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni avtomobil yollarının, su elektrik stansiyalarının, istirahət və turizm obyektlərinin inşası rayonun gələcək inkişafının möhkəm təməlini formalaşdırır.

Laçın bu gün həm də Azərbaycanın “yaşıl enerji” potensialının mühüm mərkəzlərindən birinə çevrilir. Həkəri və Zabux çayları üzərində inşa olunan və tikintisi davam edən su elektrik stansiyaları regionun enerji təminatında mühüm rol oynayır.

Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə artıq Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə qayıdaraq doğma torpaqlarında yeni həyat qurur. Bir vaxtlar viran qoyulan bu qədim yurd bu gün yenidən dirçəlir, qurulur və inkişaf edir.

Laçın artıq yalnız keçmişin ağrılarını deyil, Azərbaycanın Zəfərini, qayıdışını və gələcəyə olan böyük inamını simvolizə edir”.

 

 

 

Günay

Gununsesi.info