Azərbaycanda biznes mühitinin niyə zəiflədiyi, iqtisadi aktivliyin hansı səbəblərdən aşağı düşdüyü və ölkənin bəzi qonşularından niyə geri qaldığı ilə bağlı müzakirələr davam edir.
Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli mediada yayılan məlumatlara istinadən hesab edir ki, sahibkarların üzləşdiyi sistemli təzyiqlərlə bağlı iddialar bu suallara cavab verən mühüm nümunələrdən biridir.
Cəfərli yazır ki, sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələblərinin olduğunu bildiriblər.
İddialara görə, 2003-cü ildə Ramiz Mehdiyevin kürəkəni, həmin dövrdə deputat olan Əliyev sahibkarlara zəng edərək bizneslərindən pay tələb edib və onları hədələyib. Sahibkarların sözlərinə əsasən, bundan sonra hər ay 70-80 min manat olmaqla, ümumilikdə təxminən 9 milyon manat ödəniş edilib.
Cəfərli qeyd edir ki, belə qeyri-rəsmi ödənişlərin uzun müddət davam etməsi biznes üçün ciddi maliyyə yükü yaradıb. Sahibkarların daha sonra 5 milyon manat kredit götürməyə məcbur qaldıqları bildirilir.
Bununla yanaşı, sahibkarlar rəsmi vergiləri də ödədiklərini, lakin hazırda 130 min manat vergi borclarının qaldığını bildirirlər. Onların sözlərinə görə, bu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 600 min manatdan artıq cərimə tətbiq olunub və həmin məbləğ borc və kredit hesabına ödənilib.
Sahibkarların iddialarına görə, sözügedən şəxs hazırda da onlara təzyiq göstərərək etdikləri şikayəti geri götürmələrini tələb edir.
Natiq Cəfərli bu iddiaların biznes mühitinə təsirini daha geniş kontekstdə qiymətləndirərək yazır ki, sahibkarların qanuni fəaliyyətlə yanaşı, qeyri-rəsmi ödəniş və təzyiqlərlə üzləşməsi iqtisadiyyatın inkişaf imkanlarını məhdudlaşdırır.
İqtisadçı eyni zamanda qeyd edir ki, söhbət həmin sahibkarların fəaliyyətinin bütünlüklə problemsiz olmasından getmir. Lakin onun fikrincə, sistem sahibkarları müəyyən edilmiş qeyri-rəsmi “oyun qaydaları” ilə hərəkət etməyə məcbur edirsə, bu, bütövlükdə biznes mühitinin keyfiyyətinə təsir göstərir.
“Bu hekayə ölkədə yüzlərlə bənzər hekayədən sadəcə biridir – mətbuata, gün üzünə çıxanlardandır”, – deyə Cəfərli vurğulayır.
Onun fikrincə, belə halların nə qədərinin ictimaiyyətə məlum olmadığı da ayrıca sualdır. Cəfərli hesab edir ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri yüksək xərclər və kredit yükü altında fəaliyyət göstərir, böyük biznes isə büdcə xərclərinin azalması və iqtisadi aktivliyin zəifləməsindən təsirlənir.
“Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir, xərclərini kreditlər hesabına qarşılayır, başqa heç bir yerdən işıq gəlmir deyə, ümid edirlər ki, nə zamansa düzələcək. Böyük biznes isə büdcə xərcləmələrinin süni şəkildə ‘qurudulmasına’ görə batır. Mənzərə belədir”, – deyə iqtisadçı yazıb.
Qeyd edək ki, sadalanan hallar sahibkarların iddiaları və mediada yayılan məlumatlar əsasında təqdim olunur. İddiaların hüquqi qiyməti və onların təsdiqi məsələsi isə müvafiq araşdırma və məhkəmə proseslərinin nəticəsindən asılıdır.
Elmar












