Koçaryanla oğlu saxlanıldı

  • Müəllif: Orxan
  • 25 Avqust 2026 10:38

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan və onun böyük oğlu Sedrak Koçaryan saxlanılıb. Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl səhər saatlarından etibarən hüquq-mühafizə orqanlarının Robert Koçaryanın və ailə üzvlərinin bir sıra ünvanlarında axtarışlar apardığı bildirilmişdi.

Ermənistanın Antikorrupsiya Komitəsi açıqlamasında bildirib ki, korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırılan cinayət işi çərçivəsində ölkə üzrə bir neçə onlarla ünvanda axtarış və digər prosessual tədbirlər həyata keçirilir. Komitə istintaqın konkret istiqaməti və saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlarla bağlı əlavə məlumat açıqlamayıb.

Səhər saatlarında Robert Koçaryanın oğlu, parlamentdə müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evinə də hüquq-mühafizə əməkdaşlarının daxil olduğu və orada axtarış aparıldığı barədə məlumat yayılıb. Ermənistan mediası həmin əməliyyatda maskalı əməkdaşların iştirak etdiyini bildirib.

Daha sonra Levon Koçaryanın da Milli Təhlükəsizlik Xidmətinə aparıldığı barədə məlumatlar yayılıb. Onun evində aparılan axtarışın hansı cinayət işi çərçivəsində keçirildiyi ilə bağlı rəsmi qurumlar əlavə təfərrüat açıqlamayıb.

Koçaryan ailəsi ilə əlaqəli obyektlərdə də hüquq-mühafizə tədbirlərinin keçirildiyi bildirilir. Ermənistan mətbuatının məlumatına görə, ailəyə bağlı “Toyota” şirkətinin İrəvandakı ofisi möhürlənib, həmçinin “Orange Fitness” idman kompleksində istintaq və prosessual tədbirlər həyata keçirilib.

Gununsesi.info