“Dünən ölkəmizə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyindəki ali dərəcəli qonaqlarımızı və ailə üzvlərini böyük ehtiramla qarşıladıq”.
Gununsesi.info xəbər verir ki, bunu Özbəkistan Prezident Adminstrasiyasının rəhbəri Səidə Mirziyoyeva sosial mediada paylaşımında yazıb.
PA rəhbəri qeyd edib ki, ölkələrimiz unikal qardaşlıq bağları ilə bir-birinə bağlıdır.
“Bu səmimiyyət təkcə rəsmi əlaqələrdə deyil, həm də xalqlarımızın bir-birinə olan sonsuz sevgi və hörmətində hər zaman hiss olunur. Tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizdəki müştərəklik bu gün infrastrukturdan tutmuş investisiyalara qədər – bir çox sahədəki yeni birgə layihələr şəklində daha da zənginləşir. Bu səfər çoxşaxəli əlaqələrimizin tarixində daha bir mühüm səhifə açdı. Müttəfiqlik münasibətləri haqqında müqavilə (Əbədi dostluq haqqında müqavilə) imzalandı və zənnimcə, bu sənədin elə adı belə bu gün Özbəkistan ilə Azərbaycanı birləşdirən bağların əsl mahiyyətini dəqiq ifadə edir. Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən hər zaman məmnunuq. Qapısı hər zaman üzünüzə açıq olan diyarımıza xoş gəlmisiniz, əziz qardaşlar”, – deyə vurğulayıb.












