““Əbədi dostluq haqqında Müqavilə” Türk dünyasının yaxınlaşmasında tarixi addımdır”

“Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı ən vacib məqamlardan biri məhz “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd iki dövlət arasında qarşılıqlı strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib:

“Əbədi dostluq haqqında Müqavilənin mahiyyəti nədir və indiyədək hansı dövlətlər imzalayıblar?

Bu sənədin imzalanması dövlətlərin strateji münasibətlərinin yüksək səviyyəsini təsdiq etməklə yanaşı, xalqların tarixi yaxınlığını və gələcəkdə səmimiyyət, hörmət və etimada əsaslanan əlaqələrin dərinləşəcəyini özündə ehtiva edir. Bu anlaşma ölkələr arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirir və birgə sərmayə qoyluşlarını, xarici ticari əlaqələrini daha çox təşviq edir.

Regionda ilk dəfə oxşar sənəd Qazaxıstan, Qırğızstan və Özbəkistan arasında 1997-ci ildə imzalanıb. Daha sonra, 2025-ci ildə Çin- Mərkəzi Asiya Anlaşmasına 6 dövlət qoşulub. Çin, Qazaxıstan, Qırğızstan, Tacikstan, Türkmənistan və Özbəkistan bu sənədi imzalayıblar.

Azərbaycan ilə Özbəkistan arasında imzalanan əbədi dostluq Müqaviləsi ikitərəfli formatda imzalanan ilk sənədlərdəndir. Əslində, bu sənədi imzalamaqla ikitərəfli formatda Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdılar. İstər 1809-cu ildə Hindistanda Sind əmirləri arasında imzalanan, istərsə də, 1940-ci ildə Mərkəzi Avropada razılaşdırılan sənədlər əbədi dostluğu ehtiva etməyib. Azərbaycan və Özbəkistan isə heç bir dövlətə qarşı olmamaqla, qarşılıqlı qardaşlıq əlaqələrini möhkəmləndirən müqaviləni imzalayıblar.

Bu sənədin imzalanması 165 milyon əhalisi, 4.24 milyon kvadrat kilometr ərazisi və 2.4 trilyon dollar nominal iqtisadiyyatı olan Türk dünyasının inteqrasiyasında və daha da yaxınlaşmasında tarixi addım kimi qiymətləndirilir”.

 

Afət

Gununsesi.info