Britaniya Ukraynaya uzaqmənzilli raketlərinin istehsal texnologiyasını verəcək

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 09:09

Avropa ölkələri müharibə aparan Ukraynaya dəstəyi davam etdirəcəklər.

Gununsesi.info xəbər verir ki, avqustun 23-də Dövlət Bayrağı Günü və avqustun 24-də Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə Avropa liderləri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskini bu barədə əmin ediblər. Liderlərin bir qismi Kiyevə səfər edib, digərləri isə görüşə videokonfrans vasitəsilə qoşulublar.

Böyük Britaniyanın Baş naziri Endi Börnem, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası” adından birgə bəyanat yayıblar. Onlar Rusiyanın davam edən təcavüzünü, Ukrayna şəhərlərinə, kritik infrastruktura və dinc əhaliyə endirilən zərbələri pisləyiblər.

Liderlər Ukraynaya, xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyi gücləndirəcəklərini və Ukraynanın hərbi sənayesi ilə əməkdaşlığı genişləndirəcəklərini bildiriblər.

Böyük Britaniyanın Baş naziri Endi Börnem ölkəsinin Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlərinin istehsal texnologiyasını verəcəyini açıqlayıb. Bu, Ukraynanın müdafiə müəssisələrinə həmin raketləri ölkə daxilində istehsal etmək imkanı yaradacaq.

Börnem Rusiyanın Ukraynada raket istehsal ediləcək müəssisələri hədəfə almaq üçün kəşfiyyat məlumatları toplamağa çalışdığını da bildirib. O, bu təhdidlərin Britaniyanın Ukraynaya dəstək əzminə təsir etməyəcəyini vurğulayıb.

Böyük Britaniya və Ukrayna hərbi texnologiyalarda süni intellektin tətbiqi üzrə əməkdaşlıq haqqında saziş də imzalayıblar.

“Ukrayna təhlükəsizliyimizdə boşluq deyil, Avropanın müdafiəçisidir, Avropada sülhün müdafiəsinin ön xəttidir”, – Börnem deyib.

Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, ölkəsi 2027-ci ildə Ukraynaya təxminən 9 milyard dollar ayırmağı planlaşdırır. Norveç 2026-cı il üçün də Ukraynaya təxminən eyni məbləğdə vəsait ayırıb.

Gununsesi.info