“Orta Dəhliz Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının əsas istiqamətlərindəndir” -ŞƏRH

“Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü keçirilib.

Mərkəzi Asiya–Azərbaycan tərəfdaşlığı məqsədyönlü fəaliyyəti ilə regional güc mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqluluq əsasında formalaşan bu görüşlər iştirakçı ölkələr arasında imkanların reallaşdırılmasında və qarşılıqlı faydanın artırılmasında mühüm rol oynayır”.

Gununsesi.info bildirir ki, bunu deputat Əli Məsimli deyib:

“İqtisadi əməkdaşlıq sürətlə genişlənir. Mərkəzi Asiya dövlətləri və Azərbaycan qısa müddətdə Orta Dəhlizin imkanlarından istifadə edərək birgə layihələri sürətləndirib, ticarət və sərmayə əlaqələrini genişləndirib, yaşıl enerji, nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı gücləndiriblər. Qarşılıqlı sərmayələr artır, birgə layihələrin əhatə dairəsi genişlənir.

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin zəngin təbii ehtiyatlara malik olması əməkdaşlığın genişləndirilməsi, birgə müəssisələrin və sənaye komplekslərinin yaradılması, təbii ehtiyatların emalı, eləcə də daha geniş iqtisadi birliyin qurulması üçün imkanlar yaradır. Bu baxımdan, Türkmənbaşı görüşü həm iştirakçı ölkələr, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

Türkmənbaşı şəhərində keçirilən görüşdə regional və beynəlxalq səviyyədə sülhün qorunması və təhlükəsizlik məsələləri müzakirə olunub. Əsas əməkdaşlıq istiqamətləri sırasında siyasi dialoqun və diplomatik əlaqələrin gücləndirilməsi, enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi, dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı, ekologiya və su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə uyğunlaşma, Aral dənizinin bərpası, mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi yer alıb.

Görüşdə ticarət, sərmayə, nəqliyyat dəhlizləri, Avropaya yaşıl elektrik enerjisinin ixracı, rəqəmsallaşdırma, süni intellekt və yeniliklər də diqqət mərkəzində olub.

Türkmənbaşı görüşü iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, Mərkəzi Asiya və Azərbaycan üzərindən Çindən Avropaya yükdaşımaların sürətləndirilməsi baxımından Orta Dəhlizin gücləndirilməsinə xidmət edir. Bu marşrut Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan Orta Dəhliz üzərində Mərkəzi Asiyanın Qərbə çıxışını təmin edən əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir.

Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Limanı arasında əlaqələndirmənin gücləndirilməsi regional ticarət dövriyyəsinin artmasına xidmət edir.

Görüşdə ənənəvi enerji ehtiyatlarının daşınması ilə yanaşı, yeni layihələr də diqqət mərkəzində olub. Mərkəzi Asiyanın zəngin ehtiyatlarının Azərbaycanın tranzit imkanları ilə birləşdirilməsi iştirakçı ölkələrin dünya enerji bazarındakı mövqeyini gücləndirir.

Türkmənbaşı görüşü Türk dünyası və region ölkələri arasında təhlükəsizlik, sabitlik və xarici təhdidlərə qarşı birgə mövqenin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tərəflər arasında imzalanan sənədlər və birgə bəyanatlar dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörməti möhkəmləndirir.

Görüş çərçivəsində müzakirə olunan əsas istiqamətlər sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artırılmasına yönəlib. Azərbaycanın region ölkələri ilə yaratdığı birgə sərmayə fondları sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində yeni layihələrin maliyyələşdirilməsi üçün imkanlar yaradır. Artan ticarət dövriyyəsi və birgə fondlar Azərbaycanın qeyri-neft sahəsinin inkişafına da töhfə verir.

Azərbaycan Mərkəzi Asiya regionunun mühüm tərəfdaşı və bu dövlətlərin Qərbə çıxışında əsas nəqliyyat qovşaqlarından biridir. Ölkəmizin bu formatda iştirakı Bakı ilə Mərkəzi Asiya dövlətləri arasındakı tarixi, mədəni və strateji əlaqələri daha da gücləndirir”.

 

 

Afət

Gununsesi.info