Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı bir saat yarım davam edib. Söhbət dostluq şəraitində keçib və liderlərdən heç biri telefonu birinci bağlamaq istəməyib.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, oktyabrın 9-da baş tutan telefon danışığı kifayət qədər məzmunlu və səmimi olub.
“Heç biri telefonu birinci bağlamaq istəmirdi. Nəticədə hər iki prezident dəstəyi eyni vaxtda yerinə qoydu”, – Uşakov bildirib.
Rusiya Prezidentinin köməkçisi liderlərin söhbəti zamanı müzakirə olunan digər məsələləri də açıqlayıb.
O bildirib ki, Tramp Putini doğum günü münasibətilə səmimi təbrik edib, ona uğurlar və rifah arzulayıb. ABŞ lideri, həmçinin həyat yoldaşı Melaniya Trampın salamlarını çatdırıb.
Danışıq zamanı Ukraynadakı müharibə və mümkün sülh danışıqları da müzakirə olunub. Putin Rusiyanın siyasi-diplomatik yolla uzunmüddətli sülhə nail olmağa hazır olduğunu bildirsə də, Moskvanın hərbi əməliyyatlarla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.
Uşakovun sözlərinə görə, Putin Rusiyada parlament seçkiləri zamanı Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyini iddia etdiyi hücumlara toxunaraq, Moskvanın danışıqların nə vaxt bərpa olunacağını yenidən nəzərdən keçirəcəyini bildirib.
Bundan başqa, prezidentlər humanitar məsələləri, o cümlədən Aleşki şəhərindəki vəziyyəti müzakirə ediblər. Müvafiq nümayəndələrin Melaniya Trampın aparatı ilə daimi əlaqədə olması razılaşdırılıb.
Uşakov Putinlə Trampın növbəti görüşünün tarixinin hələ müzakirə edilmədiyini də açıqlayıb. Bununla belə, hər iki liderin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməkdə maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, prezidentlər sammitə qatılsalar, görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə edə bilərlər.











