
İmişli rayonunun Ağamalı kəndində məskunlaşmış Kəlbəcər rayon sakini Qüvəd Balayevin “Gununsesi.org” saytının 21.11.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş “Köçkün Ramil Usubova şikayət etdi” başlıqlı müraciətinə Daxili İşlər Nazirliyi reaksiya verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Gununsesi.org-un elektron ünvanına yolladığı açıqlamasında bildirib ki, adıçəkilən şəxsin müraciəti araşdırılıb: “İmişli rayonunun Ağamalı kəndində məskunlaşmış Kəlbəcər rayon sakini Qüvəd Balayevin “Gununsesi.org” saytının 21.11.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş müraciətində oğlu Seymurun iştirakı ilə cari il iyulun 23-də rayonun Ağamallar kəndində yol-nəqliyyat hadisəsininbaş vermə səbəbləri,bununla bağlı aparılmış araşdırmanın nəticələri, həmçinin təhqiqat orqanının digər iştirakçının guya tərəfini tutması barədə iddialar reallıqdan uzaqdır və qərəzlidir. Əslində həm qəzaya, həm də təhqiqatın yekunlarına dair müraciət müəllifinin səsləndirdiyi fikirlər hadisənin və araşdırmanın gerçək səbəblərinin və nəticələrinin özlərinə sərf edən şəkildə, təhrif olunmuş formada təqdimatından, məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil.
Bu il iyulun 23-də rayonun Ağamallar kəndində yol-nəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilib, fotoşəkillər çəkilib, protokol tərtib olunub, toplanmış material üzrə məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilib, digər təxirəsalınmaz tədbirlər keçirilib.
Araşdırma zamanı müəyyən edilib ki, 23.07.2018-ci il tarixdə saat 19 radələrində Seymur Balazadə idarə etdiyi “Toyota Hiluxsurf” markalı avtomobillə “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, yan məsafə saxlamalı və avtomaşının idarəolunmaz vəziyyətə düşməsinə yol verməməli olduğu halda bunlara riayət etməyib,nəqliyyat vasitəsini qarşıda yolun sol kənarında dayanmış, Rasul Qanbayevə məxsus “MersedesBenz C180” markalı avtomaşına çırpmaqla sonuncunun sağlamlığına yüngül xəsarət də yetirib.
Seymur Balazadənin əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinə göndərilib.












