Vəkil büroları yenilənir

  • Müəllif: admin
  • 24 Noyabr 2018 12:07

Noyabrın 23-də Bakı şəhəri 14 saylı Vəkil Bürosunun yeni ofisi əsaslı təmirdən sonra istifadəyə verilib.

Vəkillər Kollegiyasından Gununsesi.org-a bildiriblər ki, qurumun sədri Anar Bağırov, müavinləri Aydın Axundov və Pərviz Ələkbərov görülmüş işlərlə tanış olublar.

Büronun müdiri Telman Qasımov yaradılan şərait barədə məlumat verib, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqla təchiz olunduğunu bildirib.

A.Bağırov vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb. O, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamında əksini tapdığını bildirib.

Sədr respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb.

Bundan başqa, görüşdə büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problem və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verib, sualları cavablandırıb.

Gununsesi.org