Avropa Parlamentindən Azərbaycanın ərazi bütövlüyünə dəstək

  • Müəllif: admin
  • 14 Dekabr 2018 15:20

Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə müzakirə edilib.

Gununsesi.org bildirir ki, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb.

Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur.

Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur.

Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.

Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.

Avropa Parlamentinin yeni bəyannaməsi bu məsələ üzrə erməni tərəfinin hər hansı yeni manipulyasiyalarını qeyri-mümkün edir. Sənəd Avropa İttifaqının öz tərəfdaşlarının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsini nəzərdə tutur.