
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi polkovnik Eldar Sabiroğlu psixoloq Nəzrin Şahmadzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında söylədiyi tənqidi fikirlərə cavab verib.
Gununsesi.org-a yolladığı müraciətində polkovnik yazır:
Pisixoloq həkim Nəzrin xanım Şahmarzadəyə!
Sizin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovla bağlı gündəmə gətirdiyiniz anormal fikirlər mən də acı təəssüflər doğurdu. İnciməyin, rəyiniz nə həkim rəyinə, nə də savadlı pisixoloqun düşüncə tərzi ilə qətiyyən uzlaşmır. Hadisənin təfərrüatını, ümumiyyətlə, müharibənin qayda və tələblərini bilmədən, döyüş xətdində əsgərin hansı əhval-ruhiyyədə olduğu və hansı duyğularla yaşadığı barədə adi təsəvvürləri dərk etmədən belə yanlış nəticə üzərində dayanmaq sizin bağışlanılmaz səhvinizdir. Milli Qəhramanımızın göstərdiyi rəşadət və igidliyi gətirib də cinayət və qəddarlığa bağlamaq, onun ruhunu aşağılamaq haqqını haradan almısınız?!
Bu iddianı kimlər sizə “hədiyyə”olaraq bağışlayıb?! İstər-istəməz şübhələr yaranır. Mübarizə qədər erməni düşmənlərimiz günahsız insanlarımızı, əgər öz millətiniz hesab edirsinizsə, dinc əhalimizi ağlagəlməz vəhşiliklə qətlə yetiriblər, Xocalıda hamilə azərbaycanlı qadının diri-diri qarnını xəncərlə yarıb 8 aylıq körpəni ananın bətnindən çıxararaq başını kəsiblər. Tarix bu cür alçaqlığı xatırlamır.

O zaman düşmənin cinayətini və xalqımıza qarşı törətdiyi genosid hadisəsini yada salmağa sizə mane olan, qarşınızı kəsən nədir, yaxud hansı səbəblərdir?! Bəlkə pisixoloq həkim kimi bu cinayətlərdən xəbərsizsiniz? Amma doğrusu inanmamağa fürsət yeri qoymamısınız, Nəzrin xanım! Mübariz İbrahimov bu qəhramanlığı öz şərəfli əsgəri həyat səlnaməsinə yazarkən mən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışırdım. O, 18 iyun 2010-cu il tarixində təxminən gecə saat 24 radələrində kəşfiyyat tapşırığını yerinə yetirmək üçün təmas xəttinin 700 metrlik minalanmış sahəsıni sürünə-sürünə keçərək düşmənin yerləşdiyi mövqeyə yaxınlaşmış və ilkin olaraq iki qumbaranı işğalçı qüvvələrin səngərinə tərəf atmışdır. Düşməni təşvişə salan güclü partlayışdan sonra Mübariz pulemyot və avtomat Kalaşnikovla bir saata yaxın qeyri- bərabər döyüşə girməli olur. Düşmən bu döyüşdə 12 itki verir, 17- si agır yaralanır. Mübariz İbrahimov isə qəhramancasına həlak olur. İnsanlığını itirmiş düşmən bütün beynəlxalq konvensiyaları pozaraq yalnız 140 gündən sonra- 6 noyabr 2010-cu il tarixində işğal altında olan Baş Qərvənd tərəfdən meyidi təhqir edilən Mübarizin nəşini ala bildik. Cinayətkar hesab etdiyiniz qəhraman əsgərimiz bu hadisədən üç gün əvvəl düşmən snayperi ilə öldürülən iki döyüş dostunun qisasını almaq üçün özünü odun-alovun içinə atmışdır.
Nəzrin xanım, bu da sizin nifrət etdiyiniz vətən uğrunda canını fəda eyləyən bir azərbaycanlı balamızın həyat hekayəti!!!
Başqa sözüm yoxdur!!!












