Paşinyan Moskvaya gedir - EKSPERT ŞƏRHİ

  • Müəllif: admin
  • 26 Dekabr 2018 11:08

“Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair keçirdiyi böyük mətbuat konfransında bəyan etdi ki, Ermənistanla münasibətlərdə nəyisə bərpa etməyə ehtiyac yoxdur, çünki heç nə dağılmayıb. Bu fikir əslində həqiqətdir, doğrudan da Rusiya ilə Ermənistan arasında müqavilə-hüquq bazası, ikitərəfli və çoxtərəfli formatlarda tərəfdaşlıq və müttəfiqlik əlaqələri yerində qalır və hələ ki heç kim onu dağıtmağa hazırlaşmır”.

Gununsesi.org bildirir ki, politoloq Şahin Cəfərli bu fikirləri Ermənistan və Rusiya arasındakı hazırkı münasibətləri və Nikol Paşinyanın 27 dekabrda Moskvaya gözlənilən səfərini “Yeni Müsavat”a şərh edərkən söylədi. Qeyd edək ki, həm Ermənistanda, həm də Rusiyada bu görüşü maraqla gözləyənlər çoxdur. Xüsusilə də 9 dekabr parlament seçkilərindən sonra Rusiya dövlətinin İrəvana qələbə münasibətilə təbrik göndərməməsi Ermənistanın hakim elitasını həm təəccübləndirib, həm də şaşırdıb. Odur ki, qarşıdakı səfərin hansı atmosferdə keçəcəyi, Rusiyanın 2019-cu ilin yanvarından etibarən Ermənistana satdığı qazın qiymətini qaldırıb-qaldırmayacağı və s. məsələlər geniş diskussiya mövzusudur.

Ş.Cəfərli isə hesab edir ki, artıq iki ölkə arasındakı münasibətlərdə fərqli durum yaranıb: “Sirr deyil ki, hökumətlər arasındakı əvvəlki münasibətlər, qarşılıqlı anlayış və uzun illərdən bəri əməl olunan oyun qaydaları ortadan qalxıb. Yəni dövlətlərarası əlaqələr əvvəlki kimi davam etsə də, hökumətlərarası əlaqələr dağılıb və bu sahədə yeni fundament yaratmağa ehtiyac var. Putin bunu etiraf etməsə də, Nikol Paşinyanın Moskvaya qarşıdakı səfəri zamanı bu məsələnin müzakirə olunacağını dolayı da olsa, etiraf etdi. Hazırda iki ölkə arasında müşahidə olunan anlaşılmazlıqların təməl səbəbi məncə ondan ibarətdir ki, Paşinyan Rusiya ilə mümkün olduğu qədər bərabərhüquqlu münasibətlər qurmaq istəyir. Serj Sərkisyan dövründə Rusiya-Ermənistan münasibətləri daha çox ”syuzeren-vassal” əlaqələri idi. Bunun yaxın keçmişdə ən bariz nümunəsi Ermənistanın 2013-cü ilin sentyabrında – Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Vilnüs zirvəsi öncəsi AB ilə assosiasiya sazişindən imtina edərək Avrasiya İqtisadi İttifaqına və onun Gömrük Birliyinə qoşulmaqla bağlı danışıqlara başlaması oldu”.

Politoloq xatırlatdı ki, Sərkisyan hökuməti ən vacib qərarların qəbulunda daim Moskvaya boylanırdı və onun rəyini nəzərə alırdı: “Paşinyan isə müstəqil hərəkət etmək istəyir. Son aylar Ermənistanda Rusiyanın iradəsi və maraqları əleyhinə baş verən hadisələr məhz bu niyyətdən irəli gəlir. Məsələn, Paşinyan çox yaxşı bilirdi ki, Robert Köçəryanın həbsi Rusiyanı qıcıqlandıracaq. Putinin avqustun axırında Köçəryana doğum günü münasibətilə telefon açması əslində İrəvana mesaj idi ki, keçmiş prezidentə toxunmayın, o bizim adamdır. Paşinyan isə bu mesajı qulaqardına vurdu. Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun istintaqa cəlb olunması və Moskva ilə hər hansı məsləhətləşmə aparılmadan onun həmin vəzifədən geri çağırılması, Rusiya dövlət şirkətlərinin Ermənistandakı törəmə qurumları – ”Qazprom Armeniya” və “Cənubi Qafqaz Dəmir Yolu”na qarşı vegidən yayınma ittihamının irəli sürülməsi Moskvanı narahat edib. Bütün bunlar onu göstərir ki, Paşinyan əvvəlki oyun qaydalarından ya xəbərsizdir, ya da bu qaydalarla işləmək istəmir”.

Politoloq Şahin Cəfərli ile ilgili görsel sonucu

Politoloq Moskva görüşündən Qarabağla bağlı gözləntilərini də bölüşdü: “Paşinyanın Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli deyil, məhz iki ölkə arasındakı bu anlaşılmazlıqlar əsas müzakirə mövzusu olacaq. Tərəflər ya əvvəl olduğu şəkildə yola davam etməlidir, ya da Paşinyanın istədiyi kimi, münasibətlərin xarakteri dəyişməlidir. Rusiyanın əlində şübhəsiz ki, ciddi təsir və təzyiq alətləri var. Bu alətlərdən biri hərbi və təhlükəsizliklə, digəri isə iqtisadiyyatla bağlıdır. Rusiyanın Ermənistanın təhlükəsizliyində oynadığı rolu və İrəvanın bu himayəyə duyduğu ehtiyacı uzun-uzadı təhlil etməyə ehtiyac yoxdur, bu, hər kəsə aydındır. Təkcə onu qeyd etmək yetərlidir ki, Rusiya faktoru olmasaydı, Ermənistan Azərbaycan ərazilərini bu qədər müddətdə işğal altında saxlaya bilməzdi, hətta bu problem bəlkə də heç yaranmazdı. İkincisi, Rusiya Ermənistan iqtisadiyyatının strateji sahələrini öz nəzarətində saxlayır, bu ölkəni ucuz qazla təmin edir”.

Ekspert Rusiyanın Ermənistana satdığı qazın qiymətini 150 dollardan 2015 dollara qaldıracağı ilə bağlı xəbərlərdən də bəhs etdi: “Son günlər məlumat yayılıb ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıra bilər. Əgər bu məlumatlar təsdiqini tapsa, Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi durumu daha da ağırlaşacaq. Bu isə Paşinyana qətiyyən sərf eləməz və onun xalq arasındakı nüfuzunu sarsıda bilər”.

Lakin Ş.Cəfərli hesab edir ki, Ermənistanın Rusiyaya ehtiyacı olduğu qədər, Rusiyanın da Ermənistana ehtiyacı var:“Moskva işğalçı qonşumuzun ərazisində hərbi bazalar saxlayır, onun Türkiyə və İranla sərhəd xəttinə nəzarət edir. Bölgədə Ermənistan kimi bir dayaq məntəqəsinə, forposta sahib olmaq Moskvanın Qafqaz, Qara dəniz, Orta Şərq regionlarındakı maraqları baxımından çox önəmlidir. Rusiyanın Ermənistandakı hərbi bazalarına Gürcüstanın işğal olunmuş Cənubi Osetiya və Abxaziya bölgələrindəki, Ukraynanın işğal olunmuş Krım yarımadasındakı, eləcə də Suriyadakı hərbi bazaları ilə kompleks halda baxmaq lazımdır. Bu hərbi bazalar NATO-nun və onun lideri ABŞ-ın Qafqaz-Qara dəniz istiqamətlərindəki ekspansiya siyasəti qarşısında bir bufer zonası rolunu oynayır. Türkiyə ilə Rusiya arasındakı münasibətlərin istiliyinə çox da aldanmaq lazım deyil. Türkiyə NATO üzvüdür və son proseslər bir daha sübut etdi ki, Ankara Vaşinqtonla yaşadığı problemlərə baxmayaraq, onunla istənilən an anlaşa bilir. Yəni Türkiyənin NATO-dan, Qərbdən qopacağını düşünənlər yanıldılar. Türkiyə Gürcüstanla həmsərhəd yeganə NATO üzvü kimi bu ölkənin ittifaqa inteqrasiyası baxımından çox mühüm əhəmiyyətə malik məntəqədir. Rusiya bütün bu amilləri nəzərə alır və belə bir durumda Ermənistandakı hərbi bazaların önəmi nəinki azalmır, əksinə, artır. Hiyləgər siyasətçi olan Paşinyan bu durumu çox yaxşı anlayır və ölkəsinin bu rolundan Rusiya ilə münasibətlərdə kozır kartı kimi istifadə etmək istəyir. Ona görə də, hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində problemlərin dərinləşməsi ehtimalı yüksək deyil. Putin özü də vurğuladı ki, erməni xalqı tarixən Rusiyanın müttəfiqi olub, bu gün də müttəfiqidir və gələcəkdə də belə olacağına ümid edir. Putin və Paşinyan görüşündə yəqin ki, hansısa ortaq dil, qarşılıqlı anlaşma tapılacaq və tərəflər ”yola davam” deyəcəklər”.