Pəncərə - APARICI NİGAR MAHMUDOVANIN 20 YANVAR XATİRƏLƏRİ

  • Müəllif: admin
  • 20 Yanvar 2019 14:15


Qaranlıq ev,  pəncərə, o pəncərədən gördüyüm zülmət və o qaranlıqdan gələn səslər…

8 yaşım vardı. Həmin GECƏni o pəncərədən xatırlayıram.
Pəncərədən gələn çağırış səsləri.
Səsgücləndiricilərlə Vətənini sevən kişiləri çağırırdılar. Atama “Papa, sən bəs kişi deyilsən? Niyə getmirsən” dedim. Bu kəlmənin ağırlığını anlamırdım. Atam “gedirəm qızım” deyib evdən çıxdı.
Səhərə qədər anam, qardaşlarım, qonşu Güllü xala və onun 2  kiçik qızı o pəncərənin qabağında ağlayaraq atalarımızı gözlədik. Pəncərədən gələn səslər, göydə əks olunan işıqlardan oralarda nə baş verdiyini anlamağa çalışaraq, ağladıq.
Pəncərədən gələn gəmilərin dəhşətli SOS səsi insanı daha da vahiməyə salırdı. Gəmi səsi indi də əsəblərimi tərpədir. Bakı səmasında ara-sıra nəsə ətrafa işıq saçırdı. İndi anlayıram ki, hər o işıqda neçə-neçə atanın canı yanırdı. Biz yaşayaq deyə ölürdülər.
Bakının cənub girişindən 2 km məsafədə yaşayırdıq. Atam da o girişdə tankların önündəydi. Ordan gələn komandir insaflıymış. Səsgücləndirici ilə “mən əmr almışam, bu şəhərə girəcəm” deyib. İnsanlar çəkilmədikdə üstlərindən atəş açdırıb. Öldürməyib insanları.
Cənub girişi, yəni Lökbatan dairəsi dənizdən 1 km məsafədədir. Arxalarından gələn tankdan qaçmaq üçün yanvar soyuğunda dənizə giriblər. Başlarının üstündən də güllə yağışı. Mənsə o saatlarda isti evdə pəncərə qarşısında atamın başına gələnlərdən xəbərsiz ondan xəbər gözləyirdim. Öldü, qaldı xəbərini. Bir də onu görə biləcəyəmmi deyə düşünürdüm. İndi o komandirə alqışmı yoxsa qarğışmı edim, bilmirəm.
Bir də o uşaq var ee, əlində şəhid atasının fotosunu tutan, atamın sağ qayıtmağına sevinərkən ondan utanıram bəzən. O axı atasız böyüdü. O bu sevinci yaşamadı. Atam səhər 8 olardı islaq paltarlarla qapıdan girdi. Tək biz yox, o da bizi sağ görməyinə sevinirdi. Bu sevinc və göz yaşlarını sözlərlə ifadə edə bilməyəcəm. 😢
O soyuq yanvar günündə bütün gecəni yaş paltarda, çox çətinliklə evə gəlib çıxmışdılar. Qonşularla birlikdəydilər. Blokumuzdakı 10 kişidən 9-u getmişdi.
20 yanvar faciəsi psixikamda ciddi bir iz qoyub. Təsəvvür edin. Yaşını soruşduğum adamlar arasında 1990-cı ildən sonra doğulan olursa dərhal ” həə sən 20 yanvar görməmisən” deyirəm. Demək ki, azərbaycanlılar mənimçün 2 yerə bölünüb. 20.01.1990-dan əvvəl və sonra doğulanlar.
Yuxularım
İnsanlar narahat yatanda qorxulu yuxular görür. Mənim qorxulu yuxularımda tanklar gəlir, ermənilər arxamızca düşür, qaçıram, dağa çıxıram. Hə, bir də xəbər bülletenini efirə çatdırmıram.
Bəs görəsən, Xocalıdan çıxan, müharibə görən kiçik azərbaycanlıların qorxulu yuxuları necədir?

Bir uşağın 20 yanvar xatirələri
Nigar Mahmudova