Oqtay Əsədov yenə deputatlara irad tutdu - SİZİ ZORLA DEPUTAT SEÇMƏYİBLƏR

  • Müəllif: admin
  • 01 Fevral 2019 12:57

Bu gün Milli Məclisin növbəti – 2019-cu il yaz sessiyası öz işinə başlayıb.

Gununsesi.org  xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib:

“Belə ki, qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

 O bildirib ki, bir çox qanun layihələri, o cümlədən, baş nazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib:

“Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

Oqtay Əsədov, həmçinin millət vəkillərinə telefon iradı da bildirib: ““Ay millət vəkilləri, girmisiz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”

 Spiker eyni zamanda deputatlara son xəbərdarlığını da edib. O bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər. İkinci yarısı isə burada olmurlar:

“Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlib, o biri gün gəlmirlər. Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza da bunu deyin”.