
Rusiyanın ən qalmaqallı aparıcısı Kseniya Sobçakın anası, senator Lyudmila Narusova bir neçə gün öncə Sibirdə ilk dəfə nefti kəşf edən azərbaycanlı geoloq Fərman Salmanovu ələ salıb. Belə ki, o, “Şermetyevo və ya Domodedovoya nələrisə əlavə etmək nəyə lazımdır axı?! Hələ onu demirəm, Sibirin hansısa şəhərinə, yanılmıramsa, Surquta orada neft yatağı kəşf edən hansısa azərbaycanlı Süleyman ibn filankəsin adını veriblər”,- deyə bildirib.
Milli Məclisin deputatı Sevinc Hüseynova L. Narusovanın səsləndirdiyi fikirlərə münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında Fərman Salmanovun SSRİ-nin bütün sahələrinə çox qiymətli töhfələr verdiyini vurğulayıb:
“Bir müddət öncə “Rusiyanın böyük adları” müsabiqəsi keçirildi. Müsabiqədə Rusiyanın 47 hava limanına yeni adların seçilməsi təklif olunurdu. Ötən ilin sonunda Rusiyanın İctimai Palatası müsabiqənin nəticələrini yekunlaşdırdı və ad veriləcək hava limanları siyahısında Surqut da var idi. Bu hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adını vermək təklif edilmişdi. Qeyd edim ki, Surqutda 71 mindən çox insan öz fikirlərini bəyan edərək 58 faiz səslə Fərman Salmanovu lider etdi.

Mənim üçün ümumiyyətlə, tarixdə iz buraxanların adlarını səsləndirmək böyük bir şərəfdir. Buna görə də öz həmkarıma kiçik bir tarixi faktı xatırlatmaq istəyirəm. Fərman Salmanov Qərbi Sibirdə neft və qaz yataqlarının kəşfində iştirakçı, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının əməkdar geoloqu, Xantı-Mansiysk və Yamalo-Nenetsk muxtar rayonlarının, Surqut şəhərinin, Texas ştatının fəxri vətəndaşıdır. Hesab edirəm ki, bu faktlar Fərman Salmanovun ölkənin inkişaf tarixinə olan töhfəsini təkrarlamaq üçün kifayətdir”.












