Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verildi - AVROPA MƏHKƏMƏSİNƏ GEDİRƏM

  • Müəllif: admin
  • 23 Fevral 2019 15:00

Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyilə Vəkillər Kollegiyasının Yalçın İmanova qarşı iddiası üzrə qərar çıxarılıb. Qərara əsasən, Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilib.

Y.İmanov Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verəcək. Çünki qərarı qanunsuz və əsassız hesab edir. Deyir ki, onun vəkillikdən uzaqlaşdırılması siyasi sifarişin nəticəsi idi, ona görə məhkəmədən gözləntisi yox idi. Bununla belə, qərardan apelyasiya şikayəti verəcək. Çünki məqsəd bu işi Avropa Məhkəməsinə göndərməkdir.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarı əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilib. O, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatı ictimailəşdirməkdə günahlandırılaraq, vəkillik fəaliyyəti dayandırılıb. Y.İmanov A.Hüseynovun məruz qaldığı işgəncələr (40 dərəcə istidə açıq havada dəmir dirəyə bağlanıb, gün boyu orada saxlanması, dəyənəklə döyülməsi, soxulcanla dolu otaqda saxlanması və s.) barədə onun öz sözləri əsasında mətbuata açıqlama verib.