Prezidentdən növbəti ANONS -“Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq”

  • Müəllif: admin
  • 01 Mart 2019 15:32
“Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub”.
Gununsesi.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib. Ölkə başçısı bildirib ki, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi böyük dəyişikliklərə gətirib çıxardı:

“Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, – bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”.

Prezident qeyd edib ki, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir: “Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”.