Qarabağa qayıtmaq zamanı artıq yetişib!

  • Müəllif: admin
  • 22 May 2019 11:12

Qarabağ və ətraf rayonların işğal edilməsinin əsas səbəbi o zaman hakimiyyət uğrunda aparılan daxili çəkişmələr olmuş və nəticədə 20% torpaqlar itirilmişdir. Bu məqaləni yazarkən yadıma bir hadisə düşdü. Səhv etmirəmsə 1996-cı il Türk-Yuna dövlətləri arasında “Kardak krizi” adı ilə tarixə düşən hadisədə qardaş ölkə dediyimiz Türkiyə Cumhuriyyətinin daşlı bir ada uğrunda bir kurşun belə atmadan adaya öz bayrağını sancması Yunanıstan Respublikasının Müdafiə Nazirini istefaya göndərməsi ilə nəticələnmişdir. O zaman da Türkiyədə sisyasi vəziyyət və hakimiyyət uğrunda qızğın daxili savaş gedirdi. Buna baxmayaraq daşlı bir ada, heç bir sərvəti olmayan və demək olar ki, torpaq örtüyü də olmayan bir ada uğrunda Türk dövləti iqtidar-müxalifət demədən səfərbər oldu. Biz isə hələ də öz şəxsi mənafeyimizi dövlət mənafeyindən üstün tutaraq işğal edilmiş torpaqlarla bağlı susuruq. 30 ildir hər gün bu sözləri eşidirik: “Ali Baş Komandan əmr versə Qarabağ uğrunda ölümə gedərəm”! Öz vəzifəsini itirər deyə işğal ildönümündə Şəhidlər Xiyabanını ziyarət etməyə cəsarəti çatmayanlar erməni ilə döyüşə necə gedəcəklər?
Artıq bıçaq sümüyə dirənib:
Qarabağ tək Qarabağlılarınmı problemidir?
Qanında Azərbaycanlı qanı olmayan bəzi məxluqlar qeyd edirlər ki, Qarabağ Qarabağlıların problemidir. Mən Kəlbəcərdən olduğuma görə Kəlbəcər haqqında demək istəyirəm. Kəlbəcər yaylaqlarını tək Kəlbəcərlilərmi istifadə edirdilər? İstisu krortunda yalnız Kəlbəcərlilərmi istirahət edirdilər? Kəlbəcərin qızıl və civə yataqlarını tək Kəlbəcərlilərmi istifadə edirdilər? Və s və ilaxır. Bu sözləri deməklə mən özümüzə haqq qazandırmaq fikrində deyiləm. Bəli biz Qarabağlılar sülh danışıqları adı altında başımızın altına qoyulmuş yastıqları yumşaq bilib bu günədək yatmışıq. Bıçaq sümüyə dirənib. Birlik, bərabərlik və səfərbərlik zamanıdır. Artıq vətənsiz yaşaya bilməməyimizi anlamışıq. Sonda hər bir qeyrəti olan Azərbaycan vətəndaşına səslənirəm ki, Qarabağ uğrunda üzərimizə düşən vəzifəni icra edək. Otuz ildə Qarabağı görən nə qədər insan vəfat etdi, görməyən nə qədər insan doğuldu. Bu da o deməkdir ki, Qarabağı tələb edən insanlar azalır, tələb etməyən insanlar çoxalır.

Əziz Qəmbərov