
Azərbaycanın bəzi kommersiya bankları ilk özəl kredit bürosunun həmtəsisçisi olmağa artıq razılıq verib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Azərbaycan Banklar Assosiasiyası verdiyi açıqlamada belə deyib.
Məlumatda bildirilib ki, ABA ölkədəki bütün banklara büroda pay almağı təklif edib. Hələlik 6-7 bank buna rəsmi şəkildə razılığını bildirib, məktub göndərib. Bəzi banklar isə sadəcə, müsbət yanaşdıqlarını bəyan ediblər: “ Lakin bu, ilkin razılıqdır, qərar kredit təşkilatlarının rəhbərliyi, səhmdarlar və Müşahidə Şurası ilə razılaşdırılmalıdır. İştirakçı bankların sayı dəqiq məlum olduqdan sonra ilk özəl kredit bürosunun nizamnamə kapitalı onların arasında bölüşdürüləcək” – , deyə ABA-dan bildirilib.
Qedək ki, ilk özəl kredit bürosunun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. manatını İslandiyanın “Creditinfo” şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. manatı isə Azərbaycan bankları ayıracaq.
Xatırladaq ki, Milli Məclis sentyabrın 30-da “Kredit büroları haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.
Gülnaz Qənbərli
Gununsesi.info








