Azərbaycanda elektrik enerjisinin 1/6 hissəsi Yaponiyanın dəstəyi ilə istehsal olunur - SƏFİR

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 11:45
sefir 
“Azərbaycanda elektrik enerjisinin altıda bir hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir”.
Gununsesi.info xəbər verir ki, bu fikri Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi “Caspian Energy”-yə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, bu gün Yaponiya-Azərbaycan əlaqələri əsasən neft sahəsinə yönəldilib: “Yaponiya şirkətləri ələlxüsus da “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak edir və BTC-nin səhmdarlarıdır. Azərbaycanın qeyri-neft sektorundakı potensialını nəzərə alsaq, işgüzar əməkdaşlığın başqa sahələrdə də irəliləyəcəyini söyləyə bilərik. İSUZU yük avtomobillərinin yığılması zavodunun inşası buna sübutdur”.
Yaponiya şirkətlərinin  Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduğunu dilə  gətirən diplomat deyib ki, Yapon şirkətləri hazırda  Azərbaycanda  investisiya mühitinin təkmilləşməsi prosesini müşahidə edirlər. “Yaponiya iqtisadiyyatın diversifikasiyasında, kənd təsərrüfatının, turizmin, nəqliyyatın, o cümlədən alternativ energetikanın inkişafında, yol infrastrukturunun təşkilində Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi dəstəkləyir. Yaponiyanın güzəştli kreditlərindən yararlanaraq bu günə kimi biz İES-in tikintisini həyata keçirmişik. İndi Azərbaycanda elektrik enerjisinin altıda bir hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir”, – deyə səfir vurğulayıb.
Azərbaycanda iqtisadi sahədə həyata keçrilən islahatların Yaponiyada diqqətlə izlədiyni deyən səfir bildirib ki,  Azərbaycan hökuməti investisiya mühitinin təkmilləşməsinə böyük əhəmiyyət verir. “Ümid edirəm ki, həmin proses nəticəsində Yaponiya şirkətləri bu islahatlarda fəal iştirak edəcəklər. Mən Azərbaycan dövlətinin iqtisadi islahatlar və investisiya mühitinin təkmilləşdirilməsi sahəsindəki cəhdlərini dəstəkləyirəm” – deyə, səfir  bildirib.
Gununsesi.info