
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirlər davam etdirilir. Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə dövlət orqanları əməkdaşlarının, ali məktəb tələbələrinin, çoxsaylı gənclərin iştirakı ilə adı çəkilən şəhərin Gənclər Evində faciənin ildönümünə həsr edilmiş tədbir keçirib. Öncə Qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərovhəmin faciənin xalqımızın azadlıq yolunda atılmış həlledici mərhələ olduğunu bildirərək,bunun nəticələrinin gənclər arasında vətənpərvərlik baxımından təbliğinin əhəmiyyətini önə çəkib. Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, Müvəkkil Elmira Süleymanovanın 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərdiyi Bəyanatını iştirakçıların diqqətinə çatdırıb.
Müvəkkilin və Ombudsman Aparatı əməkdaşlarının iştirak etdikləri çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarında xalqımızın məruz qaldığı soyqırımları və terror hadisələri, habelə 20 Yanvar faciəsi barədə xarici iştirakçılara ətraflı məlumat verildiyi bildirilib.
Tədbir mövzu ilə bağlı səmərəli müzakirələr şəraitində davam edib, iştirakçılara 20 Yanvar faciəsindən bəhs edən kinofilm nümayiş etdirilib.
Gülnaz Qənbərli
Gununsesi.info










