
ABŞ-ın müdafiə naziri Ceyms Matis bu ölkənin rəhbərlik etdiyi koalisiyanın Suriya hökumət qüvvələrinə endirdiyi avizərbələri qiymətləndirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Matis Suriya Ordusuna yönəlik hava hücumunun ABŞ-ın Suriyadakı rolunun yüksəltdiyi anlamını vermədiyini bildirib. C.Matis qeyd edib ki, bununla belə koalisiya öz güclərini qoruyacaq: “Bizə qarşı təcavüzkar addımlar atılarsa, özümüzü müdafiə edəcəyik”.
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov ABŞ-ın İordaniya sərhədində Suriya hökumət qüvvələrinə qarşı yönəltdiyi hava hücumunun qəbuledilməz olduğunu söyləyib: “Bu aviazərbələr Suriyanın suverenliyinin pozulması deməkdir. Üstəlik də Suriyada atəşkəs rejimi üçün atılan addımlara kömək etməyən bir davranışdır”.
Qeyd edək ki, hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib. Koalisiya qərargahının bəyanatında bildirilir ki, bu addım Rusiyanın hökumət qüvvələrinin Ət-Tanf istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılıb.
Suriyanın rəsmi xəbər agentliyi SANA da ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin Suriyanı vurduğunu təsdiqləyib.
Gülnaz Qənbərli
Gununsesi.info












