ADY: “Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi davam edir”

  • By admin
  • 29 İyul 2016 19:05

astaracay

 

Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolunun torpaq yatağının işlənməsi davam edir.

Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, bu barədə məlumat verən “Azərbaycan Dəmir Yolları” Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Əraziyə 510 min kubmetr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun 370 min kubmetri artıq daşınıb.
Ərazidə əkin sahələrinin suvarılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 11 ədədi artıq hazırdır. Digərlərində torpaqqazma, betonlama işləri davam edir. Sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə tikilən 2 ədəd müxtəlif səviyyəli suötürücülərinin özül hissəsi betonlanıb, hazırda yan divarların armaturlama işləri aparılır.
Dəmir yolunun tikintisi düşən ərazidə su, rabitə, elektrik və qaz xətlərinin köçürülməsi tamamlanmaq üzrədir. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 vətəndaşın yaşayış evi, həyətyanı sahəsi və pay torpağı var (10-u yaşayış evidir). Artıq bunun 104-ü, o cümlədən 7 evi köçürülüb. Digərlərinin sənədləşməsi aparılır.
Eyni zamanda Astara stansiyasının yollarının yenilənməsi də gündəmdədir. Artıq stansiyadaxili yollardan 2 km-i əsaslı təmir olunub. 1 km yolda isə da əsaslı təmir işlərinin aparılması davam edir.
Astara çayı üzərində tikiləcək üç aşırımlı dəmir yolu körpüsünün orta və kənar dayaqlarının  altında, 32 ədəd 32 metr dərinliyində (diametri 1,2 metr) svay vurulub,  2 dayaq tikilmiş və digər 2 dayaqda tikini-quraşdırma işləri davam edir.

8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin qoyuluşuna avqust ayının ortalarında başlanması nəzərdə tutulur.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

 

astara1

 

astara