Agentliyə iradlar da subyektiv olmamalıdır, xoş niyyəti əks etdirməlidir - ZAUR İBRAHİMLİ

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün qrant müsabiqəsinin nəticələri narazılıqlara səbəb olub.
Bir sıra QHT rəhbərləri sosial şəbəkələrdə Agentlik rəhbərliyinə qarşı ittihamlar səsləndirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin üzvü Zaur İbrahimli Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb:

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin nəticələri müzakirə olunur. Əlbətdə istənilən müsabiqənin nəticələrindən narazı qalanların olması təbidir. Tənqidlər, müzakirələr də təbidir. Təbii olmayan, haqsız ittihamlar, qərəzli tənqiddir. Layihə təkliflərinin ekspert qiymətləndirməsi aparılıb, daha sonra Müşahidə Şurası bunu əsas götürək qalibləri müəyyən edib. Müşahidə Şurası obyektiv mövqe tutub, hər bir qərarın əsaslandırılması var, heç bir qərar subyektiv rəyə söykənmir.

Hər bir qərarda ekspert dəyərləndirilməsini, təşkilatın fəaliyyəti, təcrübəsi, layihənin xüsusiyyətlərini, dövlətin prioritetləri nəzərə alınıb. Müşahidə Şurası üzvləri çox məsuliyyətlə yanaşıb, məsuliyyətinin fərqindədir. Əsas iradlar qrant məbləği ilə bağlıdır. Maliyyə resursları imkan verdiyi həddə, layihə xüsusiyyətləri nəzərə alınmaqla maliyyə nəzərdə tutulub. Əlbətdə layihə müəlliflərinin öz layihələrinə fərqli baxışı ola bilər, amma bir ekspert yanaşması da var.

Hər bir donorun da yanaşması var. Bir çox hallarda qalib layihələrin maliyyə tutumu barədə QHT-lərin baxışı ilə donorun yanaşması üst-üstə düşmür. Donor bir çox xüsusiyyətləri nəzərə almalıdır, çalışılır ki, QHT-nin də maraqları təmin olunsun, amma rasionallığı qorumaq şərti ilə. Rasional və ədalətli yanaşma hər birimiz üçün əsas olmalıdır, öz səhvlərimizi də görməyi bacarmalıyıq. Layihə təkliflərinin keyfiyyəti, icrası səviyyəsi də iddialara adekvat olmalıdır. Amma çox hallarda təəssüf ki, bu belə deyil. Agentliyə iradlar da subyektiv olmamalıdır, xoş niyyəti əks etdirməlidir. Bunun əksi subyektiv yanaşma kimi dəyərləndirilməlidir. Heç bir qiymətləndirmə ideal deyil, lakin nöqsanlar varsa da, onlara münasibət obyektiv olmalıdır”.

 

 

Afət Abbasova
Gununsesi.info