
“Mən bu işə dostum Kamilin ehtiyacı üçün getmişəm. Kamil dedi ki, “Topaz”a 20 min borcu var. Qaytarmağa pis söyüş söyüb. Dostum olduğu üçün, xətrini çox istədiyimdən razılaşdım. Mənim heç kimə borcum olmayıb…”, – “Ailə TV” kabel televiziyasına basqında ittiham olunan 21 yaşlı Kamran Süleymanov belə deyir.
Gununsesi.info xəbər verir ki, onunla birlikdə məhkəmə qarşısına daha dörd nəfər də çıxarılıb, hamısı da 21-23 yaşlı gənclərdir – 1996-cı il təvəllüdlü Kamil Əliyev və hər üçü 1995-ci il təvəllüdlü olan Asib Kambarov, Rəşad Əhmədzadə, Orxan Əliyev. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. “Ailə TV”yə basqınla yanaşı başqa cinayətlərdə də günahlandırılan bu şəxslərə qarşı CM-nin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri, 228 (qanunsuz odlu və ya soyuq silah saxlama) və 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb.
Asib Kambarov məhkəmədəki ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, istintaqdakı ifadəsi öz sözləri deyil, müstəntiqin yazdıqlarına qol çəkib: “Mən sadəcə, oğurluq telefon almışam. Həmin axşam Kamilgil qalmağa ev axtarırdılar. Mənə zəng elədilər. Onda mənə satılıq telefon olduğunu dedi. Ondan telefonu alanda oğurluq olduğunu bilmirdim”.
Kamran Süleymanov isə “Ailə TV”yə basqını etiraf edib. Hadisə barədə danışarkən deyib ki, hadisə günü axşam saat 11-də “Ailə TV”nin ofisinin qapısını döyüb içməyə su istəyib: “Qapını açanda su istədim. Sonra dedim ki, olar əl-üzümü də yuyum? Mən içəri keçəndə Kamil də arxamca girdi. Mən mühafizəçini tutb içəri apardım. Kamil də seyfdən pul götürdü. Sonra qaçıb getdik”.
Kamran Süleymanovun sözlərinə görə, həmin vaxt Asib Kambarov orada olmayıb: “Mən oxuyub-yaza bilmirəm. Ona görə istintaqda o ifadəyə qol çəkmişəm. Amma orada Asib dəqiq olmayıb.
Mən bu işə dostum Kamilin ehtiyacı üçün getmişəm. Kamil dedi ki, “Topaz”a 20 min borcu var. Qaytarmağa pis söyüş söyüb. Dostum olduğu üçün, xətrini çox istədiyim üçün razılaşdım. Mənim heç kimə borcum olmayıb. Asibə zəng elədik ki, gizlənməyə ev axtarırıq”.
Təqsirləndirilən Rəşad Əhmədzadə isə hadisə ilə bağlı heç nə xatırlamadığını bildirib.
Təqsirləndirilən Orxan Əliyev isə özünü təqsirli bilməyib. O, lombarda basqına getdiyini təsdiqləsə də, orada heç kimə heç nə etmədiyini söyləyib: “Çöldə gözləmişəm”.
Məhkəmə aprelin 9-da davam edəcək.
İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq, gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manat pulu götürüblər. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gəlib 1250 manat pulu ələ keçiriblər.
Gülər
Gununsesi.info











