Amerikalı diplomat Şimal bölgəsində olub

  • Müəllif: Firuzə
  • 30 Yanvar 2026 20:31

ABŞ-ın Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın şimal-şərq bölgəsinin iqtisadi potensialı ilə yaxından tanış olmaq məqsədilə Quba və Şabran şəhərlərinə səfər edib.

Gununsesi.info xəbər verir ki, Qubada yerləşən RAN Fruit müəssisəsində o, müasir texnologiyaların və qabaqcıl emal üsullarının Azərbaycanın qlobal meyvə-tərəvəz sənayesində mövqeyini necə gücləndirdiyini yerində müşahidə edib.

Qubadakı ABAD Mərkəzində xanım Karlon məhsul dizaynı və istehsalından tutmuş paylama və marketinqə qədər bütün mərhələləri əhatə edən, Azərbaycan hökumətinin kənd sahibkarlarına göstərdiyi dəstək mexanizmləri ilə tanış olub. Səfər çərçivəsində Müvəqqəti işlər vəkili Karlon həmçinin Şabranda yerləşən “Azərxalça” xalça fabrikini ziyarət edib və ənənəvi texnika və naxışlardan istifadə etməklə Azərbaycanın dünyaca məşhur xalçaçılıq sənayesini yaşadan qadın xalça ustaları ilə görüşüb.

8 avqust tarixli tarixi Sülh Sammitindən sonra ABŞ-nin Azərbaycandakı Səfirliyi Bakı İqtisadi Rayonundan kənarda yerləşən bölgələr də daxil olmaqla, Azərbaycanın bütün regionları ilə məhsuldar iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Firuzə Mahmudova
Gununsesi.info