Anar Fərəcbəyli: “Alışanovun rüşvət piramidasını yazsam…”

  • By admin
  • 21 İyun 2016 16:53

 

13487921_10206122558572611_1707236984_n

“AzTV-də müşahidə apardığım qanunsuzluqları, rüşvət piramidasını yazsam, gərək üç saat vaxt ayırıb oxuyasız. Ancaq biz Alışanovla mütləq hüququn aliliyi təmin olunan müstəqil məhkəmədə görüşəcəyik”. Gununsesi.info-nun məlumatına görə, bu haqda gənc rejissor Anar Fərəcbəyli sosial şəbəkədəki səhifəsində yazıb. AzTV-nin müxtəlif proqramlarında rejissor səlahiyyətlərini icra etdiyini, lakin əməyinə layiqincə qiymət verilmədiyini, hətta ştata belə götürülmədiyini, dəfələrlə hüquqlarının pozulduğunu vurğulayan gənc rejissor Anar Fərəcbəyli bir müddət əvvəl də mətbuatda qurumun sədri A.Alışanovu maliyyə pozuntularında, diskriminasiyada və harınlamaqda ittiham edirdi. Gənc rejissor AzTV-də cərəyan edən son olaylar fonunda bu mövzuya qayıdaraq, Alışanovu yenidən kəskin tənqid edib: “Mətbuatda oxudum ki, AzTV-nin sədri A.Alışanov onun fəaliyyətini tənqid etdiyi üçün Qulu Məhərrəmlini məhkəməyə verib. Belə yerdə deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Qətiyyətlə deyirəm, hüquq-mühafizə orqanları bu adamın fəaliyyətini araşdırsa, işlədiyi müəssisədə hansı maxinasiyalar etdiyini, dövlət əmlakını necə talamasını üzə çıxardar. Arif Alışanov 7-8 ilin içində ölkənin ən zəngin adamlarından birinə çevrilib. Necə? Nə qədər məvacib alır Alışanov? Varlandıqca da gözü insanları görmür, özünü firon hesab edir. Mən bu statusu öz tapdanılmış hüquqlarım və mənim kimi 100-lərlə gəncin tapdanılmış hüquqlarına görə yazıram. Özümə söz vermişəm, zamandan asılı olmayaraq, haqlarımı hüququ şəkildə Alışanovdan alacam… Mən 8 ilə yaxın AzTV-də rejissor işləmişəm. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ştata götürmədilər. Ən maraqlı məqam isə 7 ilə yaxın gündəlik efirə gedən “Səhər” proqramında çalışmışam. Bu proqram hər gün efirə çıxdığı üçün hər gün də işdə olmuşam. Mənim kimi yüzlərlə gənc başqa redaksiyalarda illərlə işləməyinə rəğmən ştata götürülməyib. Onlarla gənc tanıyıram ki, bu ayrı-seçkilikdən bezib işdən gedib”. “AzTV-də işlədiyim müddətdə mən A.Alışanovun idarə etmə üsulunun iyrənc tərəflərinin şahidi olmuşam”-, deyən rejissor, bu “üsulun” mahiyyətini də açır: “Deməli, əvvəlcə müəyyən qruplar yaradır, onların arasında intiriqalar formalaşdırır, sonra da meydanı hərdən bir qrupa verir, sözgəzdirənləri, iş verənləri, yaltaqları önə çəkir. Belə də yaradıcılıq mühütü, iş rəqabəti qalır bir tərəfdə, adamların başı qarışır ki, bu vəziyyətdə sədrin daha çox xoşuna necə gəlsinlər?” A. Fərəcbəyli iddia edir ki, sədr işi bilmədiyi halda yaradıcılıq işlərinə qarışır: “Sədr az qala “Allah” kimi qəbul olunur, o, hər şeyi hamıdan yaxşı “bilir”, redaktor işini redaktordan, rejissor işin rejissordan. Heç kim onun sözünün qarşısında söz deyə bilməz. Belə bir iyrənc mühüt formalaşdırıb Alışanov. Yaradıcı insanların çoxu qəpik-quruşa işləyir. Qonorar sistemi “hörmətli” sədrin işinə yarayıb, daha çox maxinasiya edib, daha çox qazanır. Bu ölkədə haqq-ədalət olsa, Arif Alışanovun yeri televiziya(ların) sədri yox, türmə olmalı idi. Bu adam maliyə fırıldaqlarından başqa heç nəyə yaramır”-, deyə o bildirib.

Gülnaz Qənbərli