ANS-in mühacirətə yollanan əməkdaşı: QOHUMLARIMA TƏZYİQ EDİLİR

  • Müəllif: admin
  • 06 Dekabr 2017 16:54

“Diqqət! Diqqət! Mənim Almaniyaya gəlişim və burada bu dövlətdən sığınacaq istəməyim haqqında verdiyim açıqlamadan dərhal sonra ailə üzvlərimə, qohumlarıma, yaxınlarıma, dostlarıma təzyiqlər başlayıb!”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda ANS TV-nin hazırda Almaniyaya mühacirət edən sabiq aparıcısı Tünzalə Rafiqqızı sosial şəbəkədəki səhifəsində yazıb:

“Ötən gün anam Hövsan qəsəbəsi 280 saylı məktəbə dəvət olunub, ona qanunsuz olaraq akt imzalatdırıblar! Məsələni araşdırarkən məlum oldu ki, qızım Zəhranın məktəb sənədləri bu akt vasitəsi ilə ləğv ediləcəkmiş! Səbəb kimi mənim Almaniyaya gəlişim və sığınacaq istəməyim haqqında Facebook səhifəmdə yaydığım məlumatım göstərilir! Halbuki mən Zəhranın məktəbinə onu çıxaracağım ilə bağlı heç bir müraciət ünvanlamamışam! Üstəlik, anam Sevil Ağayevaya mənim hər hansı səlahiyyətlərimi icra etməsi ilə bağlı vəkalət, etibarnamə verməmişəm! Məktəb rəhbərliyinin bu aktı hansı əsaslarla yazması haqda suallarım isə hələ də cavabsızdır! Hələ bu az imiş kimi yalnız aviabilet aldığım “Planet Travel” turizm şirkəti də dostlarıma, mənə yaxın insanlara viza dəstəyindən imtina edir. Səbəb sonuncu dəfə onlardan aviabilet almağımız və mənim Almaniya hökumətindən siyasi sığınacaq istəyib, geri qayıtmamağım göstərilir. Mən şəxsən özümə ədalətsizliyə də, veriləcək suallara da, haqqımda səslənəcək iftiralara da, bir sözlə hər şeyə hazıram! Amma lütfən, yaxınlarımı, dostlarımı, ailəmi, qohumlarımı əlinizdə alətə çevirməyin! Ayıbdır! Məktəb, turizm şirkəti vasitəsi ilə etdiyiniz təzyiqlər gülünc və tam əsassızdır! Sözünüz var? Mən ölməmişəm! Deyin, cavabınızı alın! Bu təzyiqlərlə məni qaytarmağa çalışanlara isə deyirəm ki, əbəs yerə cəhd edirsiz! Nəzərinizə çatdırıram: Mən qayıdacam!! Vaxtı gələndə! Mütləq qayıdacam!”

Gülnaz Qənbərli

Gununsesi.info