
Biləsuvarda ötən ilin aprel döyüşləri zamanı cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Hüseyn Zeynal oğlu Dəmirlinin xatirəsi ehtiramla anılıb.
Gununsesi.info-nun cənub bürosu xəbər verir ki, mərasimdə rayon rəsmiləri, Azərbaycan ordusunun zabitləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları onun məzarını ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Hüseyn Dəmirlinin xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını , torpaqlarımızın bütövlüyü naminə canından keçən vətən oğullarının xatirəsinin daima hörmətlə anılacağını bildirib.
Qeyd edib ki, məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə üstünlüyü təmin edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə mərasim iştirakçılarına ,ölkə rəhbərliyinə minnətdarlıq ediblər.
Sonra şəhidin xatirəsinə ehsan süfrəsi açılıb,ruhuna dualar oxunub.
Xatırladaq ki, Hüseyn Dəmirli 4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Gununsesi.info












