Deputat: “Kəndlərdə insanlar vedrə ilə un almağa başlayıb” - ÜNVANLI YARDIMI DAYANDIRMAQ OLMAZ

  • By admin
  • 08 Dekabr 2016 13:09
qudret-hesenquliyev-99
“Bu gün əhalinin aztəmiantlı təbəqəsinə verilən ünvanlı sosial yardımların kəsilməsi məsələsi, təklifi cəmiyyətdə əlavə gərginlik və stress yaradacaq. Ona görə də  indiki çətin məqamda belə fikirlər səsləndirməkdən uzaq olmalıyıq”.
 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə  büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  parlamentdə bir sıra həmkarı ünvanlı sosial yardımın kəsilməsi  təklifi ilə çıxış edib:
“Bunun da səbəbini  ünvanlı sosial yardımın verilməsindəki  qeyri-şəffalıqla izah ediblər. Hesab edirəm ki, bu, çıxış yolu deyil. Əgər ünvanlı sosial yardımın verilməsi dayandırılarsa, bu, cəmiyyətdə əlavə gərginliyə səbəb olacaq. Heç olmasa, əhalinin  aztəminatlı  təbəqəsi bu yardımdan istifadə  etməklə,  özünü birtəhər dolandırır. Ona görə cəmiyyətdə əlavə stress yaradacaq təkliflərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, belə məsələnin gündəmə gətirilməsi ədalətsiz yanaşmadır”.
 Millət vəkili hökumətə ehtiyac meyarının da yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edib.
O, bildirib ki, heç olmasa,  az maaş  və pensiya alanlar bu vəsaitlə dükandakı borclarının bir qismini ödəyə bilsinlər.
“Bildiyiniz kimi, regionlarda vəziyyət daha ağır olduğundan məsləyə diqqətlə yanaşmaq lazımdır. Artıq kəndlərdə insanlar vedrə ilə un almağa başlayıblar”.
 Mürtəza
Gununsesi.info