Aşağı və orta pillə idarəçilik - Dünya təcrübəsi və reallıqlar

  • By admin
  • 15 Aprel 2019 19:24

Aşağı və orta pillə idarəçiliyin dünya təcrübəsi dedikdə təbii ki, biz inkişaf etmiş ölkələrin təcrübəsini nəzərdə tuturuq. Inkişaf etmiş ölkələrin nümunəsində aşağı, orta pillə, mərkəzi idarəçiliyin siyasi standartları formalaşmışdır.

Dövlətin ərazisi inzibati-ərazi vahidlərinə bölünür. Dövlətlərin inzibati – ərazi quruluşu müxtəlif pillələrdən ibarət ola bilər. Dünya ölkələrində ikipilləli, üçpilləli və dördpilləli inzibati – ərazi bölgüləri tətbiq edilir. İkipiləli inzibati – ərazi bölgüsü zamanı dövlətin ərazisi vilayətlərə (quberniyalara, dairələrə, rayonlara, əyalətlərə) onlar da öz növbəsində icmalara bölünür.

İnzibati – ərazi vahidlərində hakimiyyət iki formada həyata keçirilir: Yerli idarəetmə və yerli özünüidarə etmə. Yerli idarəetmə dövlət orqanları tərəfindən həyata keçirilən idarəetmədir. Yerli özünüidarəetmə yerli əhəmiyyətli məsələlərin bilavasitə əhali tərəfindən müstəqil həll olunmasıdır. Yerli özünüidarəetmənin ən geniş yayılmış forması bələdiyyələridir. Dünya ölkələrində yerli hakimiyyət və özünüidarə orqanlarının təşkilinin iki əsas sistemini fərqləndirmək olar. Ingilis – sakson sistemi və Roman-german (kontinental) sistemi

Yerli hakimiyyəti və özünüidarəetmə orqanlarının təşkilinin ingilis – sakson sistemi ABŞ, Böyük Britaniya, Kanada , Avstraliya və bir sıra başqa dövlətlərdə tətbiq edilir. Bu sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, yerlərdə hakimiyyət bütövlükdə əhali tərəfindən seçilən özünü idarə orqanları və vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

Mərkəzi hakimiyyətin yerlərdə idarəçilik yaxud yerli özünüidarə orqanlarının fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan nümayəndələrinin təyin edilməsi nəzərdə tutulur. Bu sistemlərin tətbiq edildiyi yerli əhəmiyyətli məsələlərin həlli üçün hər bir inzibati ərazi vahidində əhali tərəfindən 2-4 il müddətinə Şura seçilir. Şura 3-7, iri şəhərlərdə 35-50 üzvdən ibarət olur, bəzi hallarda əhali ayrı-ayrı vəzifəli şəxsləri də seçir. Məsələn, ABŞ-da polis rəisi olan şeriflər bilavasitə əhali tərəfindən seçilir.

Şəhər özünüidarəsinin bəzi özünəməxsus cəhətləri vardır. Burada həm Şura, həm də mer seçilir. Mer bilavasitə əhali tərəfindən və ya Şura tərəfindən seçilir. Əhali tərəfindən seçilən Mer nisbətən geniş səlahiyyətlərə malik olur və Şura qərarlara münasibətdə veto hüququndan istifadə edir. Bəzi sahələrdə idarəetmənin həyata keçirmək üçün Şura kontrakt əsasında mütəxəssislər cəlb edə bilər. Belə şəxslər də Mer adlanır.

Yerli hakimiyyət və özünüidarə orqanlarının təşkilinin Roman – german kontinental) sistemi Fransa, Italiya və başqa ölkələrdə tətbiq edilir və nisbətən geniş yayılmışdır. Bu sistemin fərqləndirici xüsusuiyyəti yerli hakimiyyətin seçkili üzünü idarə orqanları və mərkəzi hakimiyyət tərəfindən təyin edilən məmurlar vasitəsi ilə həyata keçirilməsidir.

Roman – german sistemin tətbiq edildiyi ölkələrdə icma səviyyəli inzibati-ərazi vahidlərində (qəsəbə, şəhər, bir neçə kəndin birləşməsi bunlar adətən kommunalar adlanırlar) seçkili özünüidarə orqanları fəaliyyət göstərir. Bunlara Şura və Mer aiddir.

Bu sistemin tətbiq olunduğu ölkələrdə yuxarı inzibati – ərazi vahidlərində hakimiyyətin təşkilinin bir neçə variantı mövcuddur.

Beləliklə, hər iki sistemin xarakteri ondan ibarətdir ki, yerli idarə və özünüidarə orqanları yerli əhalinin və mərkəzi hakimiyyətin maraqlarını uzlaşdırır və koordinasiya edir. Yerli hakimiyyətin həm vertikal, həm də horizontal qanadlar bu tarazlığı saxlayır.

Bizdə özünüidarə orqanlarının – bələdiyyələrin səlahiyyətləri və strukturu baxımından dünya təcrübəsi ilə uyğunsuzluq özünü onda göstərir ki, rayon və şəhərlərdə yerli özünüidarəni koordinasiya edən Şura və ya digər seçkili, nümayəndəli orqan, eləcə də seçkili Mer mövcud deyil, yəni yerli özünüidarənin vertikal qanadı yoxdur. Rayon və şəhərlərdə yerli idarə orqanı İcra Hakimiyyəti Başçısının rayon və şəhər əhalisinin qarşısında hesabat verməli olan nümayəndəli orqan da mövcud deyil, vertikal hakimiyyətin də horizontal idarəçilik əsasları yoxdur. Yəni yerli əhalinin İcra Hakimiyyəti Başçısının fəaliyyətinə təsir etməyin hüquqi mexanizmi mövcud deyil. Yerlərdən yuxarı instansiyalara axan kütləvi şikayətlərin səbəbləri bundadır. Çünki yerlərdə sosial-iqtisadi problemləri təhlil və müzakirə etməklə qərarlar qəbul edən seçkili kollegial orqan ( Şura) mövcud deyil.

Orta pillə idarəçiliyə gəldikdə isə leksikonda “regionlar”, “bölgələr” sözündən istifadə edilir, lakin bu ifadələrin siyasi-hüquqi anlamı yoxdur. Iki və ya üç pilləli idarəçilikdə inzibati-ərazi bölgüsündə dövlətin ərazisi vilayətlərə bölünür. Vilayətlərə Mərkəzi hakimiyyət tərəfindən vilayət başçıları (vilayət, quberniya, dairə, əyalət) təhlil edilir. Bu idarəetmənin optimallığından irəli gəlir.

Ölkəmizin iqtisadi – coğrafi rayonları belə vilayətlər bölgüsünü təbii şərtləndirir. Son iqtisadi rayonlaşmaya görə respublikamızın ərazisi on iqtisadi – coğrafi rayona ayrılır. Böyük Qafqaz coğrafi rayonu (Abşeron, Quba – Xaçmaz, Dağlıq Şirvan, Şəki – Zaqatala); Kiçik Qafqaz coğrafi rayonu (Gəncə – Qazax, Kəlbəcər- Laçın; Yuxar Qarabağ ); Aran coğrafi rayonu (Aran); Naxçıvan coğrafi rayonu (Naxçıvan) Lənkəran coğrafi rayonu (Lənkəran).

Orta pillə idarəçiliyin iqtisadi – coğrafi rayonlar üzrə aparılması bütövlükdə ölkəmizdə məhsuldar qüvvələrin səmərəli istifadə edilməsinə, kiçik, orta və böyük şəhərlərin inkişafına, Bakı ilə digər şəhərlər arasındakı urbanizasiya baxımından yaranan disproporsiyanın aradan qaldırılmasına şərait yaradar. Bakı şəhərinin hədsiz yüklənməsi ekoloji və infrastruktura gərginliyini artırır. Ona görə də ali təhsil müəssisələrinin, müalicə ocaqlarının, istehsal strukturlarını və s. regionlara köçürülməsinin Bakı şəhəri, həm də regionlar üçün böyük faydası danılmazdır. Bütün bunlar iqtisadi – coğrafi rayonlar üzrə orta pillə idarəçiliyinin formalaşması zərurətini üzə çıxarır.

Başqa bir məsələ muxtar qurumudur. Muxtar qurumlar sovetlərdən qalmış sistemidir. Bu idarəçilik paralellik yaradan və separatizmi özündə saxlayan sistemdir. Ona görə də bundan imtina edilməsi bütövlükdə dövlətçilik maraqlarına uyğundur.

İnkişaf etmiş ölkələrin nümunəsində mərkəzi hakimiyyətin idarəçilik etalonları kimi, aşağı və orta idarəçiliyinin də etalonları, standartları formalaşmışdı. Qalanı bu qiymətli təcrübədən istifadə edilməsidir.