Asim Mollazadənin deputat həmkarları ona qarşı çıxdılar

  • Müəllif: admin
  • 25 Aprel 2017 12:48

asimmm

Milli Məclisdə (MM) Mənzil Məcəlləsinə təklif edilən müvafiq dəyişikliklər müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab ediləcək.

Millət vəkili Asim Mollazadə yaşayş mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib:

“Bu, dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş,  rahat yaşayış tərzinə mane olmuş oluruq. Dünyada belə bir prakatika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının sözlərinə reaksiya verib.

O, bildirib ki, A. Mollazadənin dedikləri yanlışdır:

“Dünyada yetərincə belə faktlar var. Hətta, Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab edirəm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı, bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda, vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

Spiker Oqtay Əsədov  da H. Rəcəblinin fikrini dəstəkləyib.

O, qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur:

“Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir. Əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

Millət vəkili Əflatun Amaşov isə  Gürcüstan praktikasını misal çəkərək qeyd edib ki, təkcə 2016- ci ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb:

“Gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb. Və orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.

Sonra qanun layihəsinə təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Mürtəza

Gununsesi.info