ATƏT seçkiləri neytral mövqedən müşahidə edəcək

  • By admin
  • 12 Mart 2018 20:51


Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişafı etdirilməsinin vacibliyi vurğulanıb.

G. Tsereteli martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin əməkdaşlığın möhkəmlənməsi əsaslı töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının işində fəal iştirakı və əməkdaşlığın inkişafı üçün təşəbbüslərlə çıxış etməsi təqdir edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu deyib.

Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Nazir seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini söyləyib. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırıb. G. Tsereteli ATƏT Parlament Assamblyeasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini bildirib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info