
“Avropa Birliyinin Əfqan Muxtarlı və digərləri ətrafında siyasi şou yaratması müstəqil Azərbaycan dövlətinin daxili işinə qarışması deməkdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu Avropa Birliyinin son həbslərlə bağlı verdiyi bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Əfqan Muxtarlı ətrafında yaradılan şou bir daha onu göstərir ki, bu hadisə bir çox güclər tərəfindən planlı şəkildə əvvəlcədən hazırlanaraq həyata keçirilib ki, sonradan bundan istifadə edərək Azərbaycana qarşı təzyiq edilsin.
“Əfqan Muxtarlıya gəldikdə isə o, qanunu pozduğuna görə həbs olunub və hazırda istintaq gedir. Məhkəmə prosesi isə onun məsələsinə baxıb müvafiq qərar çıxaracaq. Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və törətdiyi cinayətə görə cəzalandırılır. Ancaq Avropadakı bəzi dairələr bunu böyük bir siyasi hadisəyə çevirərək öz qaranlıq məqamları üçün istifadə etməyə çalışırlar”- deyə, deputat vurğulayıb.
Deputat onu da deyib ki, Avropa Birliyinin bir vətəndaşa görə belə bir reaksiya verməsi müstəqil dövlətin daxili işinə qarışması deməkdir: “Əgər Avropa Birliyi hadisələrə belə reaksiya verirsə, o zaman Dilqəm Əsgərov və bir milyon məcburi köçkünlə bağlı da bəyanat və ya qərər versin. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri bütün addımları atmalıdır. Avropa Birliyi və digər bu kimi qurumlar Azərbaycanda baş verən bu cür hadisələri insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirib bunlardan manipulyasiya etməməlidir”.
Gununsesi.info











