Aerbiya prezidenti Aleksandr Vuçiç oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq üçün istefa verib. O, sentyabrın 27-də açıqladığı qərarla ikinci prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılıb.
Gununsesi.info xəbər verir ki, Vuçiç seçkilərdə hakim Serbiya Tərəqqi Partiyasının siyahısına başçılıq edəcək. Partiyası hökuməti formalaşdırmaq imkanı qazanarsa, o, baş nazir vəzifəsinə keçməyi planlaşdırır.
İstefa niyyətini hələ iyunun sonunda açıqlayan Vuçiç partiyasının seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib. O, səsvermənin demokratik keçiriləcəyini və Serbiyanın iqtisadi cəhətdən güclənəcəyini vəd edib.
Növbədənkənar seçkilər hökumətin sentyabrın 7-də parlamentin buraxılması üçün prezidentə müraciətindən sonra təyin olunub. Vuçiç müraciəti qəbul edərək Xalq Skupşinasını buraxıb və səsverməni oktyabrın 25-nə təyin edib.
2017-ci ildən prezident olan Vuçiçin ikinci səlahiyyət müddəti 2027-ci ildə bitməli idi. Serbiya Konstitusiyası eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə imkan vermir.
Serbiyada hökumətə baş nazir rəhbərlik edir. Prezidentin isə xarici siyasət və təhlükəsizlik də daxil olmaqla bir sıra sahələrdə səlahiyyətləri var.












