Avropa İttifaqı tərəfləri regiondakı gərginliyi aradan qaldırmağa çağırır

  • By admin
  • 04 Avqust 2022 10:20

Avqustun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı zamanı bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

Gununsesi.info-nun xəıbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, “nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçunun həlak olması faktını qarşı tərəfin diqqətinə çatdırıb”.

“Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb,” məlumatda qeyd edilir.

Bəyanatda bildirib ki, xarici işlər naziri Ceyhun Bayramov “Ermənistan tərəfinin təxribatlarının vasitəçilik səylərinə zərbə vurduğunu” bildirib.

“Nazir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb,” Azərbaycan Xarici Işlər Nazirliyi bildirir.

Bununla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Twitter hesabında yazıb ki, son günlər Ermənistan və Azərbaycan arasında artan gərginlik xəbərlərindən narahatdır.

“Avropa İttifaqı sülh prosesində daha yaxından iştirak etmək niyyətindədir. Gərginliyi aradan qaldırmaq və münaqişə səhifəsini çevirmək üçün tarixi fürsəti dəyərdən salmaqdan çəkinmək vacibdir,” o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin avqustun 3-də verdiyi məlumata əsasən, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Məlumatda bildirilir ki, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.

“Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.”

Özünü Dağlıq Qarabağ Müdafiə Ordusu kimi təqdim edən qurum isə bildirir ki, Azərbaycan bölmələri atəşkəs rejimini pozaraq Müdafiə Ordusunun döyüş mövqelərini və hərbi hissələrdən birinin daimi dislokasiya yerini atəşə tutub.

“Düşmən müxtəlif çaplı atıcı silahlarla yanaşı, minaatanlardan, qumbaraatanlardan və PUA-lardan da istifadə edib, nəticədə müqaviləli hərbçilər Qurgen Qabrielyan və Artur Xaçatryan ölümcül yaralanıb. Daha 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb,” qurumun məlumatında bildirilir.

Regionda hərbi gərginlik Rusiya sülhməramlılarının nəzarət zonasında Azərbaycan hərbçisinin ölümü və avqustun 2-də Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla, eləcə də Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan müdafiə naziri Zakir Həsənovla telefon danşılarından bir gün sonraya təsadüf edir.

Bundan öncə, avqustun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub. Karen Donfrid hər iki nazirlə regiondakı son durumu müzakirə edib.

 

Gununsesi.info