Avropa Məhkəməsinin qərarlarını tanımırıq - İlham Əliyevdən sensasion bəyanat

  • By Admin2
  • 13 İyul 2026 16:47

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışları müzakirə olunur. 

Açıqlamaları ilə diqqət çəkən prezident bildirib ki, Azərbaycan Avropa Şurasından tamamilə çıxmağı nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səlahiyyətlərinin təsdiqlənməməsi insan hüquqları ilə deyil, ölkənin 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatla bağlı olub.

Əliyev deyib ki, nümayəndə heyətinin səsvermə hüququ olmadığı üçün Azərbaycan AŞPA-nın iclaslarında iştirakdan imtina edib:
“Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməmişik. Biz bu səbəbdən onların qərarlarını tanımırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq, həmin təsisatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının Baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq. Onlar geri çəkilməli, öz səhvlərini etiraf etməlidirlər. Münasibətləri pozan biz olmamışıq, onlar olublar. Əgər Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə, ölkədə demək olar ki, heç kim bunu hiss etməyəcək. Başqa sözlə, orada olub-olmamağımız ölkə daxilində ciddi fərq yaratmır”, – deyə İlham Əliyev bildirib.

Gununsesi.info