Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir - NAQİF HƏMZƏYEV

  • By admin
  • 24 Noyabr 2022 14:06

“Bildiyiniz kimi, Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Ölkədəki formalaşmış yeni siyasi-ictimai mühit və konfiqurasiya sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi məqsədilə mövcud “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi zəruri idi”.

Gununsesi.info bildirir ki, bunu deputat Naqif Həmzəyev “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər bir çox baxımdan böyük əhəmiyyət kəsb edir: “Bilirsiniz ki, cəmiyyətin bütün siyasi seqmentlərinin prosesdə iştirak etməsini təmin etmək məqsədilə Milli Məclis tərəfindən şəffaf mühit yaradılmış, ölkədə fəaliyyət göstərən 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Qanun layihəsinin daha da təkmilləşdirilməsi üçün müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının nümayəndələrinin rəy və təklifləri ictimai dinləmələrdə nəzərə alınaraq, layihə dəyişiklik edildikdən sonra yeni variantda müzakirəyə çıxarılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, sözügedən təkliflər əlavə edilərək, qanun layihəsində 66 dəyişiklik edilmişdir və bu dəyişiklərin əsas məqsədi qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsidir.

Qanun layihəsində edilən əsas dəyişikliklərdən biri də sənədlərin toplanması ilə bağlı müddətin  artırılması, eyni zamanda partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin (say tələbinin) azaldılmasıdır. Belə ki, partiyaların yaradılması üçün üzv tələbi 10 mindən 5 min nəfərə endirilib, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb.

Siyasi rəqabəti gücləndirmək, cəmiyyətdə seçki prosesinə marağı artırmaq və təbliğat prosesini daha da gücləndirmək məqsədilə ilk dəfə olaraq Azərbaycanda dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçiciləri nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir.
Ümumilikdə yeni qanun layihəsinin hazırlanması və dəyişikliklərin edilməsi zamanı beynəlxalq təcrübəyə istinad edilmiş, demokratik norma və prinsiplərə daha çox üstünlük verilmişdir. Burada məqsədin beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsinin hazırlaması olduğu diqqətdə saxlanılmalıdır.

Əminəm ki, hazırlanmış yeni təklif yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət etməyəcək, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar, o cümlədən siyasi partiyaların öz arasında səmərəli əməkdaşlığa böyük töhvə verəcəkdir”.

Gununsesi.info