
Gununsesi.info xəbər verir ki, ağır yol qəzası Astara rayonunun Şahağacı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 26 yaşlı Əsəd Novruz oğlu Bəşirovun idarə etdiyi avtomobil yolun kənarında dayanan 52 yaşlı kənd sakini Təliqə Mehdi qızı Quliyevanı vuraraq hadisə yerindən qaçıb.
Ciddi bədən xəsarətləri alan piyada yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin müayinə zamanı yaralıya çanaq sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ baldırının sınığı diaqnozu qoyulub.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadın çoxlu qan itirmədən dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törədən sürücü Əsəd Bəşirov qaçsa da, tez bir zamanda polis əməkdaşlarının həyata keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.

Gununsesi.info












