ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla bu ilin payızında görüşmək istədiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, Tramp Pxenyanın nüvə tərksilahı ilə bağlı danışıqları bərpa etmək məqsədilə Kim Çen Inla yeni görüş keçirməyi nəzərdən keçirir.
Mənbələrin bildirdiyinə görə, mümkün görüş noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində keçirilə bilər. Sammitin Çinin Şençjen şəhərində baş tutması planlaşdırılır.
Trampın Kim Çen Inla yeni şəxsi görüşü Şimali Koreya ilə dialoqun bərpası üçün fürsət kimi qiymətləndirdiyi bildirilir.
ABŞ prezidenti daha əvvəl Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasının azaldılacağını açıqlamışdı.
Tramp “Truth Social” sosial şəbəkəsində bu qərara Kim Çen Inla “çox yaxşı münasibətlərinin” təsir etdiyini yazıb.
Daha sonra Tramp jurnalistlərə bildirib ki, qərarın digər səbəbi Seulun Hörmüz boğazının blokadadan çıxarılması əməliyyatlarında iştirak etməkdən imtina etməsidir.











