Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq.
Bəli, o, Azərbaycana xəyanət, xalqına zülm edən, ancaq buna baxmayaraq, ad-sanı yaşadılan Ayna Sultanovadır.
O Ayna Sultanova ki, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, “Şərq Qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur.
Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu xəyanətkar bolşevik qadın, Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanovla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar.
Hətta onu da demək olar ki, o, Sovet sisteminə, bolşevizmə Stalindən də çox bağlı idi. Bu səbəb idi ki, oğlunun adını da Leninin şərəfinə Vladlen qoymuşdu. Üstəlik, təkcə özü yox, əri Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyov 27 aprel 1920-ci il işğalından sonra müsavatçıların başına olmazın oyunlarını gətirmişdilər.
Ümumiyyətlə, Ayna Sultanovanın xəyanətlərinin sayı-hesabı yoxdur.
Yüzlərlə insanı 1930-37-ci illərdə sürgünə və represiyaya məruz qoyan bu qadın, 1937-ci ildə Hüseyn Cavid tutulub Keşlə həbsxanasında işgəncəyə məruz qalan zaman Azərbaycan Xalq Komissarları Şurasının sədri olaraq Müşfiqi yanına çağırıb diktə etmişdi ki, Hüseyn Cavid əleyhinə bir məqalə yaz.
O, bundan başqa, Mikayıl Müşfiqə də özü şəxsən işgəncə vermişdi. Mikayıl Müşfiq məhz Hüseyn Cavid əleyhinə məqalə yazmadığı, ona “Mən əgər sol əlimlə Cavidin əleyhinə yazaramsa, sağ əlimlə sol əlimi baltalaram!” dediyi üçün Ayna Sultanova dərhal onu həbs edilməsini və qırımızı xətlə ölümə məhkum olunmasına imza atmışdı.
Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə də sıx əməkdaşlıq edib.
O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək şərqdə ilk demokratik respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi.
Hətta Azərbaycan qadınlarını “qırmızı ordu”ya, yəni rus əsgərləri üçün alt paltarı tikmək və yamamağa məcbur edirdi.
Başqa sözlə, Azərbaycan tarixində ikinci belə bir xəyanətkar ailə olmayıb.
Həmid Sultanov daxili işlər naziri kimi Gəncə üsyanının yatırılmasına da başçılıq edib.
Doğrudur, sonda Ayna Sultanova da, əri də layiq olduqları şəkildə öldürüldülər.
Hətta Ayna Sultanova öldürüldüyü zaman elə düşünürmüş ki, Moskvanın bunlardan xəbəri yoxdur.
Həmin vaxt bağıraraq deyib:
– Mən ölürəm! Ancaq Stalin uğrunda!
Bu ölüm həm də ona görə layiqli idi ki, xəyanətkar ailəni məhz bir-birilərinə xəyanət etdirilərək öldürdülər.
Belə ki, Ayna Sultanovanın üzünə məhkəmədə əri, daxili işlər naziri Həmid Sultanov və qardaşı, dövlət xadimi Qəzənfər Musabəyov (ləqəbi Padla Qəzənfər) durmuşdu.
Onlar məhkəmədə Ayna Sultanovanın əksinqilabçı qüvvələrlə əməkdaşlığına şahid olduqlarını söyləmiş və Ayna xanımı vətənə “xəyanətdə” ittiham etmişlər.
Sözsüz, bu üzədurma aylarla davam edən ağır işgəncələrin, əzab-əziyyətlərin nəticəsi idi. Ancaq öz bacısını ölümə göndərməklə nə Qəzənfər Musabəyovun, nə də öz həyat yoldaşının ölümünə yol açmaqla Həmid Sultanovun həyatı repressiyanın cəngindən xilas ola bilmədi.
Ayna Sultanovanın ardınca onlar da güllələndi.
Bütün bu və digər onlarla cinayəti, xəyanəti nəzərə alsaq, Ayna Sultanova adının indi də yaşadılması olduqca qəribə, elə bir o qədər də qəbuledilməz məsələdir.
(FOTO: Ayna Sultonava parkı)

Orxan Saffari












