Azər Ayxan: “Əgər İsa Qəmbər yenidən Müsavat başqanlığına qayıdarsa..”

  • By admin
  • 02 Avqust 2016 18:47

azer

Gununsesi.info “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşı, qəzetin şef-redaktoru Azər Ayxanın publika.az-a müsahibəsini təqdim edir:

 

– Azər bəy, bu gün Müsavat Partiyasından istefa verdiniz. Bundan sonrakı planlarınız nə olacaq?

– Bizim planlarımız ortadadır. Biz qəzetçiyik, qəzetçiliklə məşğul oluruq. Müsavat Partiyasının üzvü olan zamanda fəaliyyətimizin ağırlığı qəzetçilik üzərində olub. Həmçinin, “Yeni Müsavat” qəzeti Müsavat Partiyasının qərargahında fəaliyyət göstərən zamanlarda da, 2009-cu ildə oradan çıxandan sonra da biz daha çox qəzetçiliklə məşğul olmuşuq. Ancaq biz könüllü şəkildə Müsavat Partiyasına və onun fəaliyyətinə daha çox yer ayırmışıq, bu partiyanın fəaliyyətini daha çox işıqlandırmışıq. Bütün bunlar hər hansı təmənna güdülmədən edilib. Çox təəssüf ki, Müsavat Partiyası rəhbərliyinə edilən yaxşılıq və fədakarlıq sonradan pislik və yamanlıq kimi üzərimizə qayıdır. Bu, neçə ildir ki, davam edir. Arif Hacılının son böhtan dolu müsahibəsi, çirkin ifadələri sonuncu güzəşti də bitirdi. Ona görə mən də daxil olmaqla “Yeni Müsavat” qəzetinin bir neçə tanınan əməkdaşı bu gün Müsavat Partiyasından istefa verib.

Mən öz bəyanatımda qeyd etmişəm və bir daha da bəyan edirəm ki, Arif Hacılının bu mövqeyi demokratiyanın təməl prinsipləri sayılan söz və mətbuat azadlığına, demokratiyaya qarşıdır. Bir qəzet redaktorunun, jurnalistin fəaliyyətinə bu şəkildə qiymət vermək, onu mənəvi-psixoloji terrora məruz qoymaq, özünü demokratik siyasətçi kimi təqdim edən şəxsin fəaliyyətinə heç cür yaraşmır. Ona görə də biz belə adamlarla bir təşkilatla qalmağı özümüzə uyğun görmürük.

– Bundan sonra hər hansı siyasi partiyaya üzv olmaq niyyətiniz varmı?

– Qətiyyən. Azərbaycanda mənim bundan sonra üzv olacağım bir partiya yoxdur.

– Əgər Müsavat Partiyasında rəhbərlik dəyişərsə, yəni, Arif Hacılı başqanlıqdan gedərsə, partiyaya yenidən qayıtmağı düşünərsiz?

– Əgər İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanlığına qayıdarsa, o zaman biz bu məsələyə baxa bilərik. Bu isə gələcəyin işidir.

– Bəs Arif Hacılı Müsavat Partiyasında başqan olduğu dövrlərdə “Yeni Müsavat” qəzetinin bu partiyaya əvvəlki dəstəyi davam edəcəkmi?

– Olmayacaq, niyə olsun ki? Birincisi, bu dəstək o zaman olur ki, ortada hər hansı fəaliyyət olsun. Ancaq bu gün Müsavat Partiyasının heç bir fəaliyyəti yoxdur, partiya ancaq imitasiya ilə məşğul olur, sosial şəbəkələrdə status yazaraq, “layk” rəqabəti aparır. Gedib Müsavat Partiyasının qərargahına baxın, görün orada Arif Hacılı və onun ətrafındakı 3-5 adamdan başqa kimsə olurmu? Siyasi partiyanın fəaliyyəti ya meydanlarda, ya da parlamentdə olur. Ancaq Müsavat Partiyası seçkilərdə bir bələdiyyə üzvlüyünü də qazana bilmir. Adını da qoyurlar ki, hakimiyyət sərtdir və sairə. Bəli, hakimiyyət sərt olacaq, müxalifəti çalışıb sıxışdıracaq. Müxalifətin də funksiyası hakimiyyətin bu cür fəaliyyətini əngəlləmək, yumşaltmaq və onunla hesablaşmağa məcbur etməkdir. Yəni, bir-birinə qarşı düşmən mövqeyində olan müxalifətçilər eyni partiyada bir-birinə qarşı olduğu təqdirdə, onların hər hansı uğur qazanacağı, müsbət nəticə əldə edəcəyi mümkün görünmür. Ona görə də bunlar 23 ildir ki, müxalifətdədir. Artıq son illər müxalifətdə də qala bilmirlər.

– Son günlər, sizin Müsavat Partiyasından Xədicə İsmayıl və Əvəz Zeynallının ayırması barədə sosial şəbəkələrdə fikirlər səslənir. Bu fikirlər nə dərəcədə doğrudur?    

– Vallah, bizi Müsavat Partiyasından nə Xədicə, nə də Əvəz ayırmayıb. Bizi Müsavat Partiyasından partiya rəhbərliyinin yanlış siyasəti, şər-böhtanı ayırıb. Bizi Müsavat partiyasından bundan savayı heç kəs və heç nə ayıra bilməzdi.