“Ermənistan nə Rusiyanın, nə də Qərbin dayaq məntəqəsinə çevrilməlidir” -ŞƏRH

“Avropa İttifaqının təhlükəsizliklə bağlı bəyanatlarına və verdiyi təminatlara heç vaxt tam arxalanmaz düzgün olmaz. Hətta belə vədlər verilsə belə, buna ehtiyatla yanaşmaq lazımdır”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Bunun əsas səbəblərindən biri Ukrayna amilidir. Ukraynadakı müharibə gözümüzün önündə baş verir. Rusiyaya qarşı Ukraynaya çoxsaylı dəstək və həmrəylik bəyanatları verilsə də, nəticədə Ukrayna öz ordusu ilə bu müharibəni əsasən təkbaşına aparır. Heç bir dövlət birbaşa şəkildə döyüşlərə qoşularaq ona dəstək vermir.

Ermənistanın burada etdiyi səhv ondan ibarətdir ki, Avropa İttifaqının bölgədəki fəaliyyətini tam fərqli şəkildə qiymətləndirir. Ola bilsin ki, Avropa İttifaqı Ermənistanla əməkdaşlıq edərək Cənubi Qafqazda öz mövqelərini gücləndirməyə çalışır və bu, onun maraqlarına uyğundur. Lakin Ermənistanın problemi ondadır ki, o, daim iti bıçaq üzərində yeriyən akrobatı xatırladır və tarazlığı qorumaqda çətinlik çəkir.

Bəzən Rusiya ilə həddindən artıq yaxınlaşır, indi isə Rusiyanın zəiflədiyini düşünərək Avropa İttifaqına doğru həddindən artıq meyl göstərir. Halbuki belə olmamalıdır. Ermənistan müstəqil və balanslı siyasət aparmalı, bölgədə formalaşmış nizamı pozmamalıdır”.

O qeyd edib ki, Avropa İttifaqının bölgədə həddindən artıq güclənməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına tam uyğun deyil:

“Arzu olunan odur ki, Ermənistan nə Rusiyanın, nə ABŞ-nin, nə də Avropa İttifaqının dayaq məntəqəsinə çevrilsin. O, sadəcə müstəqil dövlət kimi öz siyasətini həyata keçirməlidir.

Avropa İttifaqının Ermənistana verdiyi vədlərdən biri də gələcəkdə üzvlüklə bağlı gözləntilərdir. Lakin bu məsələnin nə dərəcədə real olduğu ayrıca müzakirə mövzusudur.

Moldovanın da yaxın gələcəkdə Avropa İttifaqına üzv olacağını düşünmürəm. Çünki onun ərazisində hələ də həll olunmamış Dnestryanı münaqişəsi mövcuddur. Həmin bölgədə Rusiya hərbi mövcudluğu qalmaqdadır. Bu problem aradan qaldırılmadan Avropa İttifaqının belə bir ölkəni üzvlüyə qəbul etməsi çətin görünür.

Digər tərəfdən, Balkanlarda Avropa İttifaqına inteqrasiya istiqamətində daha uzun yol keçmiş ölkələr var. Məsələn, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya uzun müddətdir üzvlük prosesindədirlər, lakin hələ də tamhüquqlu üzv ola bilməyiblər.

Türkiyə isə onilliklərdir Avropa İttifaqına üzvlük istiqamətində danışıqlar aparır, lakin buna baxmayaraq, hələ də təşkilata qəbul edilməyib”.

Şəbnəm

Gununsesi.info